Dünya 12:46 29.05.2023

Dünya liderləri Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik edir - Adlar

Dünya liderləri Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi və yeni müddətə yenidən seçilməsi münasibətilə təbrik ediblər.

Qaynarinfo bu barədə RBC-ya istinadla xəbər verir.

Dünən İstanbulda balkon çıxışı zamanı Ərdoğan onu ilk olaraq İlham Əliyevin, ondan sonra Özbəkistan prezidentinin təbrik etdiyini deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə xüsusi təbrik dərc edib. "Biz ölkələrimizin mənafeyi naminə strateji tərəfdaşlığın daha da gücləndirilməsini, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirik”, - o yazıb.

ABŞ prezidenti Co Bayden də mesajını dərc edərək qeyd edib ki, o, "ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqləri kimi birgə işləməyə davam etməyi səbirsizliklə gözləyir”.

Ərdoğanı Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Rişi Sunak, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Yens Stoltenberq təbrik edib.

Bundan başqa, Türkiyə liderini yenidən seçilmsəi münasibətilə Tacikistan prezidenti Emoməli Rəhmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Ermənistanın baş naziri Nikol Paşinyan da təbrik ediblər. Rusiya prezidenti Vladimir Putin də Ərdoğana təbrik teleqramı göndərib.
Xatırladaq ki, Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, 51,91%, rəqibi Kamal Kılıçdaroğlu isə 48,09% səs toplayıb.

Alpər