Dünya 10:50 11.11.2022

Dünya xaosa girəcəkmi? - 2023-də hadisələrin inkişafı üçün dörd senari

Qaynarinfo IMD Biznes Məktəbinin Strategiya və Siyasi İqtisadiyyat üzrə professor Devid Baxın yazısını təqdim edir.

Çin lideri Si Szinpinin Kommunist Partiyasının Qurultayındakı son çıxışı onillik ərzində ən mühüm çıxışlardan biri ola bilər.

O, auditoriyaya və dünyaya iqtisadi artımı boğan "sıfır-covid” siyasətinin qalacağını və Pekinin Tayvanla, mümkün olduqda sülh yolu ilə və lazım gələrsə, güc yoluyla birləşməkdə həmişəkindən daha qətiyyətli olduğunu söylədi.

Biz Sinin bəyanatlarında təcəssüm olunan dərin geosiyasi çatlar və böyük iqtisadi qeyri-müəyyənlik dövründə yaşayırıq. Dünya açıq şəkildə "Covid”dən əvvəlki status-kvoya qayıtmır. Əvəzində dərin "qüvvələrin” birliyi köhnə dünya nizamını alt-üst etdi və dərin xaos dövrünə başlatdı.

Mən, yaxın iki-beş il üçün bəzi siyasi-iqtisadi senarilər qurmaq üçün bu "qüvvələrin” dördünü - ABŞ-Çin münasibətlərinin pisləşməsi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, populizm və inflyasiyanı nəzərdən keçirmək istəyirəm. Sabitliyi pozan qlobal güclərin istənilən siyahısı natamam olacaq. Mən iqlim dəyişikliyi və ya biomüxtəlifliyin itirilməsi (bəşəriyyətin üzləşdiyi bəlkə də ən böyük problemlər), COVID-in yenidən canlanmasının mümkünlüyü, süni intellektin və digər pozucu texnologiyaların təsiri və ya İrandan Şimali Koreyaya qədər yaramaz rejimlərin roluna toxunmayacağam. 

Əvəzində önümüzdəki bir neçə il ərzində qlobal biznesə ən çox təsir edəcək sahələrə diqqət yetirəcəm, xüsusən də onların gözlənilən sinerjilərinə görə.

1. Rusiyanın Ukraynaya qarşı müharibəsi

Kremlin və bir çox Qərb müşahidəçilərinin güman etdiyi kimi, Rusiya qüvvələri nəinki Kiyevi tez bir zamanda ram edə bilmədi, görünür, Rusiya ehtiyat qüvvələrini səfərbər etməsinə və nüvə silahlarını "yelləməsinə” baxmayaraq, müharibəni getdikcə daha çox uduzur.

Bunun üç səbəbi var. Birincisi, Ukrayna xalqının, Ukrayna silahlı qüvvələrinin və ölkə rəhbərlərinin qeyri-adi cəsarəti. İkincisi, Rusiya tərəfinin tam xaos içində olması. Üçüncüsü, Ukrayna qoşunlarını müasir silahlarla, təlimlərlə və kəşfiyyatla təmin edən, eyni zamanda Rusiya iqtisadiyyatını boykot və sanksiyalarla yavaş-yavaş çökdürən Qərbin diqqətəlayiq birliyi. Yüzlərlə Qərb biznesi aktivlərini itirərək və qazanclarını güdmədən Rusiyanı tərk edib bu işə mühüm töhfə verdi.

Əgər Avropanın qaz təchizatı azalarsa və enerji qiymətləri gözlənilən tənəzzülü sürətləndirərsə, Qərb birliyi bu qış ən böyük sınağı ilə üzləşəcək. Ayrı-ayrı Avropa hökumətləri qəzəbli və "soyuqdan donan” seçicilərlə üz-üzə qalarsa, Ukraynanı dəstəkləməkdən çəkinə bilər.

Təbii ki, Avropanın Rusiya qazından asılılığı özlüyündə bir məqsədi idi. Hələ 2014-cü ildə Aİ qazın yalnız təxminən 20%-ni Rusiyadan alırdısa, 2022-ci ilin əvvəlinə bu rəqəm təxminən 40%-ə bərabər olub. Vaşinqtonun açıq-aydın xəbərdarlıqlarına baxmayaraq, qitənin ən böyük iqtisadiyyatı olan Almaniya Putinin Krımı qanunsuz ilhaqından sonra asılılığını daha da artırdı.

Berlin Rusiya qazını alternativlərindən daha ucuz və dayanıqlı hesab edirdi. Böyük etimad həm də Almaniyanın Sovet İttifaqına/Rusiyaya qarşı 50 illik xarici siyasət doktrinasına uyğun idi: "Wandel durch Handel” - ticarət vasitəsilə dəyişiklik. Belə bir fəlsəfə geriyə baxdıqda təhlükəli dərəcədə sadəlövh görünsə də, son vaxtlara qədər ABŞ-ın Çinlə bağlı siyasətini də belə fəlsəfə müəyyənləşdirib. Bu, mahiyyətcə bir-birinə çox oxşar olan asılılıqlar yaradıb.

2. ABŞ-Çin münasibətləri

ABŞ prezidenti Riçard Niksonun 1972-ci ildə Çinə ilk səfərindən keçən dörd onillikdə ABŞ daha sıx iqtisadi inteqrasiya yolu ilə Pekinlə münasibətləri yaxşılaşdırmağa çalışıb. Barak Obamanın ikinci dönəmində Si Szinpinin ölkə daxilində və xaricdəki güclü mövqeyinə cavab olaraq bu dalğa dəyişməyə başladı və sonra münasibətlər sonda Donald Trampın ticarət müharibəsi ilə korlandı.

Belə baxanda, Bayden administrasiyası Avstraliya kimi ölkələrlə regionda təhlükəsizlik ittifaqlarını, mikroprosessorlar kimi qabaqcıl texnologiyalara ixrac nəzarətini və Tayvana de-fakto müdafiə öhdəliklərini gücləndirməklə əməkdaşlıqdan qarşıdurmaya keçidi sürətləndirdi.

Sinin partiyanın qurultayındakı çıxışından bir gün sonra ABŞ-ın dövlət katibi Entoni Blinken Stenford Universitetində auditoriya qarşısında bildirib ki, strateji əhəmiyyət kəsb edən Tayvanla Pekin indi əvvəlkindən "daha qısa zaman çərçivəsində yenidən birləşməyə nail olmaq əzmindədir”.

Son bir neçə ay ərzində mən əsasən də Avropadan yüzlərlə yüksək səviyyəli rəhbərlə mövcud geosiyasi mənzərə haqqında danışmışam. Çoxları Rusiyanı tərk etmək qərarının nə qədər çətin olduğunu söyləyir. Bununla belə, əksəriyyət üçün Rusiya onların biznesinin 5%-dən azını təşkil edir. Tayvanda vəziyyət gərginləşərsə, nə edəcəklərini soruşduqda, onlardan səs çıxmadı. Həm ABŞ, həm də Çin bazarlarından asılı olan və  bu bazarlara çıxış imkanı olan avtomobil, istehlak malları və dəbdəbəli mallar daxil olmaqla sənaye liderləri asanlıqla etiraf edirlər ki, bundan sonra baş verəcəklər üçün hazır senariləri yoxdur.

3. Populizm

ABŞ-ın Pekinə qarşı siyasətinin yumşalmamasının səbəblərindən biri də qütbləşmiş ABŞ elektoratının Çinə qarşı mövqeyidir. 2011-ci ildə amerikalıların yalnız 36%-i Çin haqqında mənfi, 51% isə müsbət fikirdə idisə, 2022-ci ilə Çinə xor baxanların sayı 82%-ə yüksəlib. Bu göstərici yalnız İsveç, Yaponiya və Avstraliyada daha yüksəkdir.

Qərb demokratiyalarında seçicilər də qloballaşmaya getdikcə daha çox inamsızlıq nümayiş etdirirlər. Ən inkişaf etmiş 28 ölkədə olanların əksəriyyəti 2017-ci ildə "Edelman” araşdırma firmasına "qloballaşma bizi yanlış istiqamətə aparır” deyib. Narahatedici hal odur ki, 2019-cu ildə "Edelman” respondentlərin yalnız 18%-nin "sistemin mənim üçün işlədiyini” təsdiqlədiyini, 34%-nin əmin olmadığını, 48%-nin isə sistemin onlara uyğun olmadığını açıq şəkildə bildirdiyini təsbit edib.

Paralel olaraq, xüsusilə gənclər arasında demokratiyaya dəstək zəifləyib. Con Hopkins və Kembric Universitetlərindən müvafiq olaraq politoloqlar Yaşa Munk və Roberto Stefan Foa 2017-ci ildə müəyyən ediblər ki, 1930-cu illərdə doğulmuş amerikalıların 75%-i "demokratiyada yaşamağın vacibliyi” ilə razılaşdığı halda, milleniallar (1984-2000-ci il doğumlular-red.) arasında bu rəqəm cəmi 28%-dir. 

Oxşar tendensiyaları bir çox başqa ölkələrdə də müşahidə etmək olar. Bu, Macarıstanda Viktor Orban və Braziliyada Jair Bolsonarodan tutmuş ABŞ-da Donald Trampa və bu yaxınlarda Mussolinidən sonra İtaliyanın ən sağçı lideri Corcia Meloniyə qədər populistlərin hakimiyyətə gəlməsinə kömək etdi. Qeyd edək ki, İtaliya 2021-ci il sorğusunda demokratiyadan narazılıq baxımından Yunanıstandan sonra dünyada ikinci yerdədir.

4. İnflyasiya

Mövcud olan siyasi-iqtisadi nizamdan bu dərin narazılıq inflyasiyanın son 40 ildə görünməmiş səviyyəyə çatmazdan əvvəl də mövcud idi. ABŞ Federal ehtiyat sistemi və Avropa Mərkəzi bankı cavab olaraq faiz dərəcələrini artırmaqla resessiyaya səbəb ola biləcəklərini etiraf edirlər. İndi əksər analitiklər onun 2023-cü ildə Atlantik okeanının hər iki tərəfinə çatacağını gözləyirlər.

Bu arada, Çinin COVID-19 siyasəti dünyanın ikinci ən böyük iqtisadiyyatını zəiflətməkdə davam edir, onun daşınmaz əmlak sektoru isə qlobal maliyyə sistemini "boğmaq” təhlükəsi yaradır. BVF-nin baş iqtisadçısı Pyer Olivye Qorunşa təşkilatın oktyabrın əvvəlində keçirilən illik iclasında qlobal iqtisadiyyat haqqında danışarkən "ən qaranlıq saatların" hələ qabaqda olduğunu xəbərdar etdi və proqnozu "çox ağrılı" adlandırdı.

Lakin daha da qorxulu olan staqflyasiyadır - iqtisadi artımı ləngidən, işsizliyin sürətlə artmasına səbəb olan və inflyasiyanı əhəmiyyətli dərəcədə aşağı sala bilməyən yüksək faiz dərəcələri. Bu cür iqtisadi dinamikanın anti-istehsal populizmi ilə qarşılıqlı əlaqəsi, şübhəsiz ki, onsuz da təhlükəli olan dünya nizamının sabitliyini dərindən pozacaq. 

Dörd senari

Yuxarıda təsvir edilən "qüvvələrə” əsaslanaraq, mən sektorlar üzrə biznes liderlərini dörd senarini nəzərdən keçirməyə çağırıram. Senarilər gələcəyi proqnozlaşdırmaq üçün nəzərdə tutulmayıb. Onlar qeyri-müəyyənlik qarşısında gələcəyə hazırlıq haqqındadır.

Mən imkanları iki ölçüdə görürəm - iqtisadi və geosiyasi. İqtisadi nöqteyi-nəzərdən, ən yaxşı halda, mərkəzi banklar və siyasətçilər inflyasiyanı tez bir zamanda nəzarət altına alacaqlar, əsas bazarlardakı tənəzzül qısamüddətli olacaq, qlobal iqtisadiyyatın bərpası 2023-cü ilin ikinci yarısında başlayacaq və 2024-cü ildə sürətlənəcək. Digər tərəfdən, faiz dərəcələrinin aqressiv şəkildə artırılması qlobal iqtisadiyyatda struktur zəifliklərini üzə çıxara və kəskinləşdirə bilər ki, bu da uzun sürən staqflyasiya dövrünə gətirib çıxara bilər.

Eynisi geosiyasətdə ola bilər: Vladimir Putin öz reputasiyası üçün Ukraynadan geri çəkilməyi üstün tuta, üçüncü müddətə seçilən Si isə Tayvanla bağlı ritorikasını zəiflədə bilər. Yaxud daha pessimist desək, məsələn, Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə və ya NATO münaqişədə birbaşa iştirak etsə, Ukrayna ilə bağlı vəziyyət kəskin şəkildə pisləşə bilər. Bu arada, millətçi hisslər Sini Tayvana ultimatum verməyə vadar edə bilər və ya hər iki tərəfin təsadüfən silah tətbiq etməsi daha geniş münaqişəyə səbəb ola bilər.

Bu müxtəlif imkanları birləşdirərək dörd senarimi yaradıram. Aydınlıq üçün onların hər birini 20-ci əsrin onilliyi ilə əlaqələndirirəm - ona görə yox ki, tarix təkrarlanacaq, sadəcə nəyin təhlükə altında olduğunu və mümkün gələcəklərin nə qədər fərqli olduğunu başa düşmək üçün.

Pandemiyanın sonu yaxınlaşdıqda, bəzi müşahidəçilər "qaynayan 20-ci illərin" geri dönəcəyini proqnozlaşdırırdılar. İlk gurultulu iyirminci illər Birinci Dünya müharibəsindən sonrakı dövrdə Millətlər Liqasının qısa zamanlı beynəlxalq əməkdaşlığa başladığı, dünya ticarətinin və iqtisadiyyatın bərpası zamanı idi. Qlobal gərginlik azalarsa və iqtisadiyyat sürətlə bərpa olunarsa, bu son günlərin ekvivalenti, şübhəsiz ki, bir ehtimal olaraq qalır.

Alternativ olaraq, qlobal gərginlik azalmadan iqtisadi bərpanı təsəvvür edə bilərik. 1980-ci illərin əvvəlləri yada düşür, o zaman ABŞ Federal Ehtiyat Sisteminin sədri Pol Uolkerin qətiyyətli addımları inflyasiyanın azalmasına səbəb olur, qısamüddətli tənəzzüldən sonra yenidən artım baş verir və birjada bum yaranır. Beynəlxalq səviyyədə isə vəziyyət ürəkaçan deyildi. 1970-ci illərdə ABŞ-Sovet münasibətlərinin zəifləməsi 1980 və 1984-cü il Olimpiadalarının müvafiq boykotları, Əfqanıstandakı müharibə və nüvə silahı yarışının bərpası ilə başa çatdı.

1970-ci illər mənim üçüncü senarimdir. Bu illər tez-tez artan qiymətlər, yüksək işsizlik səviyyəsi və çoxsaylı əmək münaqişələri ilə staqflyasiya modeli kimi göstərilir. Bununla belə, ən azı fövqəldövlətlər arasında qlobal gərginlik azalmışdı. "Məni sevən casus” filmində Ceyms Bondun dünyanı xilas etmək üçün Sovet agenti ilə necə birləşdiyini göstərməklə dövrün ruhunu nümayiş etdirdi.

Bunu 1930-cu illərlə müqayisə edin, 20-ci əsrin daha bir onilliyi yüksək işsizlik səviyyəsi, aşağı artım və iqtisadi təlatümlərlə yadda qaldı. Faşizm inkişaf etməkdə olan demokratiyaları sıradan çıxardı, qlobal gərginlik artdı və dünya bəşər tarixində bənzəri olmayan bir fəlakət yaşadı.

İndiki dünya bu senarilərdəki onilliklərdən çox fərqlidir. Texnologiya görünməmiş qarşılıqlı əlaqəyə gətirib çıxardı, maraqlı tərəflər daha güclü oldu və qlobal təchizat zəncirləri və maliyyə sistemləri iqtisadi qarşılıqlı asılılığı xeyli artırdı. Ümid edilir ki, 20-ci əsrin dəhşətlərinin xatirəsi müasir silahların ağlasığmaz dağıdıcı gücü ilə birləşərək, münaqişənin mümkün eskalasiyasını məhdudlaşdıracaq.

Bununla belə, onilliklər arasındakı təzad göstərir ki, yalnız iki keçiddəki dəyişikliklər əla senarini yaxşıdan, pisdən və həqiqətən dəhşətlidən necə fərqləndirə bilər. Hansının daha real ehtimal olduğu barədə sual özü səhv sualdır. Biznes liderləri, hökumətlər və fərdlər üçün köhnə dünya nizamının artıq olmadığını başa düşmək daha vacibdir.

Ən dayanıqlı müəssisələr sərt strategiyalar və ya fəaliyyət planları deyil, aydın məqsəd və dəyişməz dəyərlər əsasında qərarlar qəbul edən müassisələr olacaq. Qloballaşma birdən-birə yoxa çıxmayacaq, lakin şirkətlər getdikcə daha ucuz təchizatçı və ya yeni böyük bazar tapmaqdan ibarət olmayan qərarlar qəbul edəcəklər.

Növbəti bir neçə il, yəqin ki, biznesin maksimum səmərəliliyə can atması üçün ən yaxşı vaxt deyil. Nağd pul kral olacaq, azad əmtəə və rahatlıq həyati əhəmiyyət daşıyır. Bundan əlavə, biznes liderlərinin Çindəki bizneslərinin gələcəyi, əmək iğtişaşlarını necə idarə edə biləcəkləri və ya azad və ədalətli seçkilərə inanıb-inanmamaları barədə soruşulmazdan əvvəl nəyi müdafiə etdikləri barədə əvvəlcədən məlumat verməlidirlər. 

Bu xaos dövrü qısa və ya uzun ola bilər, müəssisələrə və cəmiyyətə təsiri sənayelər və bölgələr arasında böyük fərqlə kiçikdən dramatikə qədər dəyişə bilər. Diqqətimizi əsas hərəkətverici qüvvələrə yönəltmək və onların biznesə, hökumətə və cəmiyyətə potensial təsirini nəzərə almaq, qarşıda duran çətin maneələri düzgün şəkildə keçmək üçün hamımızın etməli olduğumuz şeydir.
 
 
Nizami Bağırov