Yerin altından qəfil gələn uğultulu çökmə ilə yolların yoxa çıxdığı, binaların uçurum kənarında asılı qaldığı səhnələr artıq yalnız fəlakət filmlərinə aid deyil. Ötən il İngiltərədə bir kanalın dibinin çökməsi nəticəsində iki qayığın yaranan nəhəng çuxura yuvarlanması bu qorxulu təbiət hadisəsini yenidən gündəmə gətirmişdi.
Qaynarinfo xəbər verir ki, Türkiyə də daxil olmaqla dünyanın dörd bir yanından gələn xəbərlər çuxuların 2025-ci ildə sanki "yer udan canavarlar” kimi fəallaşdığını göstərir. Kaliforniyada bir məktəbin həyətində açılan 10 metrlik nəhəng çuxurdan tutmuş, Banqkokda əsas yolları iflic edən iri çökmələrə qədər çoxsaylı hadisələr yer qabığının sanki ayaqlarımızın altından çəkildiyi hissini yaradır. Vəziyyət o qədər ciddiləşib ki, ABŞ Konqresi çuxurların xəritələnməsi və səbəblərinin araşdırılması üçün xüsusi qanun layihəsini gündəminə daxil edib.
Çuxurlar təkcə vizual qorxu mənbəyi deyil, eyni zamanda böyük maliyyə yükünə də çevrilib. Məsələn, Baltimorda bir neçə il əvvəl yaranan bir çuxurun bağlanması üçün çəkilən xərclər gözləniləndən üç dəfə çox olub və 30 milyon dolları keçib. Şəhər rəsmiləri bildirir ki, problemi aradan qaldırmağa çalışdıqca vəziyyət daha da pisləşib və davamlı əlavə xərclər yaranıb. İnsan tələfatı isə bu hadisələrin ən acı tərəfidir: gecə yatağında yatarkən qəfil açılan çuxura düşərək bir daha tapılmayan insanların hekayələri obrukların nə qədər sinsi ola biləcəyini göstərir.
Əslində çuxurların formalaşması sadə bir prosesə əsaslanır. Su yerin altında əhəngdaşı və ya dolomit kimi asan həll olunan süxurları zamanla əridir və böyük boşluqlar yaradır. Qumdaşı kimi daha sərt süxurlar belə onları bir yerdə saxlayan təbii sementin su tərəfindən həll olunması nəticəsində qum dənələrinə parçalanaraq axıb gedə bilir. Ən təhlükəli ssenari isə yerin altında iri boşluq yarandığı halda, səthdəki qatın uzun müddət möhkəm görünməsidir. Üst qat kifayət qədər sərt olduqda, altındakı boşluq böyüyənə qədər dayanır və sonda ya zəlzələ, ya ağır nəqliyyat vasitəsinin keçidi, ya da sadəcə öz ağırlığı ilə qəfil çökür. Səth nə qədər sərt olarsa, çökmənin şiddəti və yaranan çuxurun ölçüsü də bir o qədər böyük olur.
Çuxurlar milyonlarla ildir baş verən təbii hadisələr olsa da, bu gün onların sayının artmasında insan fəaliyyətinin rolu böyükdür. Şəhərlərdə sızan su xətləri, yeraltı sularının həddindən artıq istifadəsi və iri tikinti layihələri üçün aparılan qazıntılar bu prosesi sürətləndirir. Torpağın yağış sularını hopdurmasına mane olan beton yollar və binalar suyun nəzarətsiz şəkildə yerin altına sızaraq eroziyanı artırmasına səbəb olur. Yeraltı su səviyyəsinin aşağı düşməsi isə üst qatı dəstəkləyən qaldırıcı qüvvəni zəiflədir və çökmələri qaçılmaz edir.
İqlim dəyişikliyinin gətirdiyi güclü fırtınalar və uzunmüddətli quraqlıqlar da vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər seysmik testlərlə bəzi təhlükəli boşluqların əvvəlcədən aşkar edilə biləcəyini desələr də, dəqiq harada axtarmaq lazım olduğunu bilmədən bu nəhəng çuxurları tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. Görünən odur ki, plansız şəhərsalma və dəyişən iqlim şəraitində təbiətin qəfil açılan bu "qara dəlikləri” müasir şəhər həyatının ən böyük və ən baha başa gələn sürprizlərindən biri olaraq qalacaq.
Aydın
Şərhlər