Sənət 11:10 16.08.2022

Şəhid Qəzənfər Məmmədovun büstü hazırlandı (FOTOLAR)

Daxili Qoşunlarının leytenantı, Vətən müharibəsi şəhidi Qəzənfər Habil oğlu Məmmədovun büstü hazırlanıb.

Qaynarinfo xəbər verir ki, büst şəhidin doğulduğu Gəncə şəhərində adının veriləcəyi məktəbə təqdim olunacaq.

Qeyd edək ki, Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində anadan olub. 2014-2019-cu illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Qəzənfər Məmmədov 2019-cu ildən Daxili Qoşunların sıralarında "leytenant" hərbi rütbəsində xidmət edib. 

Qəzənfər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Şəhid Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Rəşadət" ordenilə təltif edilib.