Siyasət 13:40 16.11.2022

Əlcəzairdə soyqırım törədən Fransanın Azərbaycanda "ədalət axtarışı": "Bu, siyasi təxribatdır"

Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Senatda qəbul edilmiş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən göründüyü kimi, Fransa prosesdə tam qərəzli mövqe sərgiləyir. 

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib. 

Fransa Senatı belə bir qətnamə qəbul etməklə ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesinə əngəl olduqlarını ortaya qoyublar. Bu addım onu göstərir ki, Paris sözügedən sülh müqaviləsinin olmasında maraqlı deyil. Fransanın bu hərəkəri Parisin Cənubi Qafqazdakı proseslərdə iştirakını da istər-istəməz sual altına qoyur. Bundan sonra Parisin regionumuzda cərəyan edən proseslərdə iştirakı istər-istəməz arzuolunan hesab olunmayacaq. 

Senatın qərarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da pisləyib. O qeyd edib ki, bu sənəd Azərbaycanın suverenliyinə qəsddir. Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib. "Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, deyə Türkiyə prezidenti vurğulayıb. 

Azərbaycan XİN-nin yaydığı bəyanatda isə deyilir ki, Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir:

"Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir. Qətnamədə "Dağlıq  Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri  həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu "dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır”. 
 
Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fransa Senatının bu qərarı nə qədər məkrli, ikiüzlü olsa da, heç bir hüquqi əsası yoxdur:



"ATƏT-in Minsk qrupunun həmsədri olan, Əlcəzairdə soyqırımla məşğul olan bir dövlətin Azərbaycan əleyhinə qəbul etdiyi qərar daha çox ermənipərəst mövqedən çıxış edilən bir sənəddir. Bu qərar Fransa dövlətinə yaraşmayan addımdır. Makronun mənşəcə İran ermənisi olduğunu bilirik. Amma onların bu qədər irəli gedəcəyinə inanmırdıq. Azərbaycan Ermənistanla münasibətləri yaxşılaşdırmaq istədiyi və Makronun İlham Əliyevə zəng edib, bu işdə yardımçı olmaq istədiyini bildirməsi fonunda Parisin Tehranla eyni mövqe sərgiləməsinin adı siyasi korluq və siyasi təxribatdır”. 

Ekspert iddia edir ki, Fransa Senatının verdiyi qərar ABŞ-ın tapşırığıdır:

"Makronu da hakimiyyətə ona görə gətiriblər ki, Vaşinqtonun Qafqaz siyasətini həyata keçirsin. Makron da tipik erməni kimi ikiüzlü siyasət yürütdü”. 
 
Cümşüd Nuriyev Senatın qəbul etdiyi qərarın presedent yaradacağını düşünmür: 

"Senat  2020-ci ildə də buna oxşar qərar qəbul edib. Onların bu sayaq qərarları tövsiyyə xarakterı daşıyır. Fransa hökuməti onu icra etmək məcburiyyətində deyil. Hətta  məsələ AŞ PA-ya çıxarılsa da, qəbul olunmayacaq. Çünki Azərbaycanı Avropada  dəstəkləyən kifayət qədər dövlətlər var. Bu mənada Senatın qəbul etdiyi  qətnaməyə oxşar bir qətnamənin AŞ PA-ya çıxarılacağı və burada da anoloji addımın atılacağı sıfıra bərabərdir”. 

Rüfət Sultan