Siyasət 15:55 08.04.2023

"Ən böyük günahkar Rusiyanın özüdür" - Partiya sədri

"10 noyabr bəyanatının yerinə yetirilməməsinin əsas günahkarlarından biri elə Rusiya olub”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında üçtərəfli 10 noyabr bəyanatının yerinə yetirilməsi vacibliyini vurğulamasını şərh edərkən deyib.

Partiya sədrinin fikrincə, Lavrovun açıqlaması dekorativ bəyanatdan o tərəfə keçməyəcək:



"Lavrovun açıqlaması həm imzalanan 10 noyabr bəyanatına, həm də beynəlxalq hüquq normalarına uyğundur. Amma Lavrov belə açıqlama versə də, bəllidir ki, indiyə kimi həmin bəyanatın yerinə yetirilməməsinin əsas günahkarlarından biri də elə Rusiya olub. Moskva bir tərəfdən imzalanan bəyanatının şərtlərinin yerinə yetirilməməsini dilə gətirir, digər tərəfdən isə Qarabağ ermənilərinin status məsələsini gündəmə atır, separatçılara bir çox hallarda dəstək verir. Prinsip etibarı ilə Rusiyanın bununla bağlı şifahi səsləndirdiyi fikirlərlə faktiki olaraq göstərdiyi fəaliyyəti arasında yerlə-göy qədər fərq var. Bu da istər-istəməz problemin yaranmasına gətirib çıxarır. Lavrovun açıqlaması dekorativ bəyanatdan o tərəfə keçməyəcək”. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sazişin şərtlərinin yerinə yetirilməli olduğuna işarə vurub. 

Rüfət Sultan