Siyasət 18:17 11.05.2023

Entoni Blinken və Şarl Mişel arasında Cənubi Qafqaz müzakirəsi - Ekspert

"Telefon söhbəti zamanı Cənubi Qafqazda təxribat mümkünlüyü və ona münasibət məsələsi müzakirə olunub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında baş tutan telefon danışığını şərh edərkən deyib:
 
"Belə proseslərdə ABŞ-la Aİ adətən öz səylərini əlaqələndirir. Təbii ki, telefon danışığı zamanı Vaşinqton görüşündən sonra Brüsseldə olacaq danışıqlarla bağlı müəyyən məsləhətləşmələr aparılıb və müəyyən hədəfləri müəyyənləşdirilib. İstisna deyil ki, söhbət zamanı Cənubi Qafqazda təxribat mümkünlüyü və ona münasibət məsələsi də müzakirə olunub. Təcrübədən də görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Avropa məkanında görüşü ərəfəsində hər dəfə hansısa bir təxribat hərəkətləri və gərginlik baş verir. Dünən də bunun  şahidi olduq. ABŞ və Avropa liderləri də bu fonda söhbətin nədən getdiyi və hansı proseslərin gözlənildiyini bilirlər. Ehtimal ki, həmin məsələ ətrafında da söhbət aparılıb”. 

Ekspert hesab edir ki, Qərbin bir məqsədi var. O, da Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxarmaqdan ibarətdir:
 
”Həm ABŞ, həm də Aİ çalışır ki, Azərbaycan və Ermənistan tədricən Qərbin təsir dairəsinə düşsün. Blinkenlə Şarl Mişelin telefon danışığında müzakrə etdikləri məsələlər də əsasən məhz bu məqsədə xidmət edir”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefonla danışıb. Bildirilir ki, tərəflər Cənubi  Qafqazdakı durumu müzakirə ediblər. Onlar  Azərbaycanla Ermənistan arasında davamlı və möhkəm sülhü dəstəkləmə imkanlarını müzakirə ediblər. 

Rüfət Sultan