Dünya 20:40 27.03.2024

Ərdoğanın ABŞ səfəri baş tutarsa... (ŞƏRH)

"Türkiyə-ABŞ münasibətləri getdikcə öz axarına qayıdır, amma əvvəlki kimi bir tərəfin hegemonluğu şəraitində yox, ikitərəfli bərabər hüquqlu tərəfdaşlıq çərçivəsində".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayda ABŞ-a olması gözlənilən səfərini şərh edərkən deyib. 

Azər Qasımovun fikrincə, son dövrlər atılan addımlar, İsveçin NATO-ya qəbuluna Türkiyə tərəfindən yaşıl işıq yandırılması və ABŞ-ın F16-ları Türkiyəyə verməyə razılıq verməsi, eyni zamanda, Türkiyənin faizlə bağlı siyasətində ciddi dəyişikliklər etməsi onu deməyə əsas verir ki, Türkiyə-ABŞ münasibətləri getdikcə öz axarına qayıdır:

"Türkiyə və ABŞ arasında buzların əriməsi hiss olunur. Amma əvvəlki kimi bir tərəfin hegemonluğu şəraitində yox, ikitərəfli bərabərhüquqlu tərəfdaşlıq çərçivəsində. Türkiyə MİT və XİN rəhbərləri İbrahim Kalınla Hakan Fidanın növbə ilə ABŞ-a baş tutan səfərlərindən sonra Ərdoğanın da ABŞ-a səfər edəcəyi xəbəri gözlənilən idi. Bu səfərin baş tutması ilə iki ölkə arasında yarımçıq qalan məsələlərin tam şəkildə öz həllini tapacağı anlamına gəlməsi ehtimalı böyükdür".
 


Ekspertə görə, səfərin əsas danışıq predmeti Türkiyənin PKK-ya qarşı İraq və Suriyada atması gözlənilən son addımları olacaq: 

"Türkiyə PKK məsələsinə son qoymaqda qərarlıdır. Amma bunun üçün ABŞ-ın qarantiyası lazımdır. ABŞ isə bu qarantiyanı Türkiyəyə ancaq bir şərtlə verə bilər. Bu da Türkiyənin ABŞ-ın yanında olması şərtidir”. 

Bu əsasda həmsöhbətimiz hesab edir ki, Ərdoğan ABŞ-a gedənə kimi mütləq Rusiya prezidenti Vladimir Putinlə görüşəcək:

"Belə bir görüş uzun zamandır ki, planlanır. Amma iki dəfə təxirə salınıb. Amma indiki məqamda Ərdoğanın Baydenlə ABŞ-da görüşəcəyi xəbərləri fonunda Putinlə öncə görüşməsi şərt olacaq və hesab edirəm ki, bu görüş baş tutacaq. Məsələ münasibətlərə yenidən baxılması və tərəflərin bir-birinə verəcəyi vədlər fonunda ölkələrin hansı qazancları əldə edəcəyini götür-qoy etmək olacaq. Amma həmişə qeyd etmişəm, Türkiyə hər zaman NATO və Avroatlantik məkanla münasibətlərini Rusiya ilə münasibətlərə nisbətən üst səviyyədə saxlamalıdır. Rusiya ilə daha yaxşı münasibət onun güclənməsi anlamına gəlir ki, bu da doğru addım deyil. Rusiya hər zaman Türkiyədən asılı vəziyyətə qalmalıdır”. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayda ABŞ-yə səfər edə bilər. O, Vaşinqtonda həmkarı Co Baydenlə danışıqlar aparacaq. Bu barədə "Hürriyet" qəzeti Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında təmasların nəticələrinə əsasən xəbər verib. Nəşr Türkiyə və ABŞ liderlərinin mayın 9-da görüşə biləcəklərini vurğulayıb. 

Rüfət Sultan