İdman 16:43 31.03.2023

Ərəb klubu Messi üçün fantastik təklif hazırlayır

Səudiyyə Ərəbistanı klubu "Al Hilal" Lionel Messi sevdasından əl çəkmək niyyətində deyil.

Qaynarinfo-nun məlumatına görə, ərəblər argentinalı dünya çempionu üçün fantastik təklif hazırlayır. Bu təklifi qəbul edəcəyi təqdirdə Messi Səudiyyə Ərəbistanında "Al Nasr"ın formasını geyinən rəqibi Kriştiano Ronaldodan daha çox məvacib alacaq və dünyanın ən çox qazanan futbolçusu ünvanını ələ keçirəcək. 

Portuqaliyalı super ulduz Ronaldo 2022-ci ilin noyabrında "Mançester Yunayted"dən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanına köçdü və ildə təxminən 173 milyon funt-sterlinq (214 milyon dollar) dəyərində müqavilə imzaladı. Bu müqavilə 38 yaşlı ulduzu dünyanın ən çox qazanan futbolçusu edib. Ancaq Messi onu geridə qoya bilər. 

"L'Equipe"in məlumatına görə, PSJ Maliyyə Feyr-Pleyi qaydalarına uyğun olaraq büdcəni tarazlamalıdır. Bu isə yayda Paris klubu ilə müqaviləsi başa çatacaq Messinin maaşının azaldılmasına səbəb ola bilər. Ərəb klubundan gələn və onu dünyanın ən çox qazanan futbolçusu edəcək təklifdən sonra argentinalının qazanacağı aylıq 3 milyon 375 min avro maaşından güzəştə getmək istəmədiyi bildirilir.

"Al-Hilal" yayda heyətinə yeni transferlər əlavə edəcəyinə əmindir və Messinin atası Xorxe bu yaxınlarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfərdə olub.
 
Səbuhi Həsənov