Siyasət 15:02 23.05.2022

Erməni əhalisinin təhlükəsizliyi tam təmin olunacaq - Deputat

"Sülhün əldə edilməsi istiqamətində bir sıra vacib məqamların Aİ rəsmisi tərəfindən dilə gətirilməsi, təsdiqlənməsi Azərbaycanın əldə etdiyi mühüm diplomatik uğurdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nkol Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair verdiyi bəyanatda səsləndirdiyi fikirlərinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
 
"Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə onun təşəbbüsçüsü, səsləndirdiyi bəyanat aparılan müzakirələrin geniş və əhatəli olduğunu təsdiqləyir. Danışıqların 5 saatdan artıq davam etməsi də bu baxımdan bir göstəricidir. Bu danışıqların nəticələri Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Çünki danışıqların gedişində heç bir halda "Dağlıq Qarabağ” ifadəsi işlədilmədi. Digər tərəfdən, əvvəllər İrəvan xalqların öz müqəddəratını təyintmə hüququnu əldə bayraq edirdisə, artıq Brüssel danışıqlarında Azərbaycanın tərkibində olan Qarabağda yaşayan erməni əhalisinin hüquq, azadlıq və təhlükəsizliyindən söhbət gedir”.

Bu fonda deputatın fikrincə, Şarl Mişelin bəyanatı onu göstərir ki, artıq məsələ ilə bağlı Aİ-nin rəhbərliyi səviyyəsində qəbul edilən prinsip ortaya çıxıb:
 
"Hansı ki, bu prinsip daha Dağlıq Qarabağın müstəqilliyindən, suverenliyindən danışmamaqdan ibarətdir. Artıq Aİ-nin timsalında qəbul olunur ki, yalnız Azərbaycanın tərkib hissəsi olan Qarabağ var. Paşinyan da bu reallığı qəbul və ifadə edir. O, aprelin 6-da Brüsseldə olan danışıqlarda Bakının Qarabağın Azərbaycanda olmasını özündə ehtiva edən 5 prinsipdən ibarət təklifini qəbul edib. Qarabağda yaşayan ermənilərin ayrılması, müstəqil dövlət yaratmaları deyil, Azərbaycanın tərkibində hüquqları qorunacaq. Bu məsələdə Azərbaycan Prezidentinin dəyişməz və prinsipial mövqeyi var. Azərbaycan çox millətli, çoxkonfensiyalı dövlətdir. Azərbaycanda müxtəlif etnoslar bir ailə kimi yaşayır. Hamısı da bərabər hüquqlara malikdir. Yəni Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan ermənilər də eyni hüquqlara malik olacaq. Onların təhlükəsizliyi tam təmin olunacaq. Bu dəyişməz dövlət siyasətimizdir”.
 
Həmsöhbətimiz Mişelin bəyanatda səsləndirdiyi fikirləri Azərbaycanın qələbəsi kimi dəyərləndirdi:
 
"Hesab edirəm ki, bu vacib məqamların Aİ rəsmisi tərəfindən dilə gətirilıməsi, təsdiqlənməsi sözün həqiqi mənasında Azərbaycanın əldə etdiyi mühüm diplomatik uğurdur. Sərhədlərin müəyyənləşməsi, nəqliyyat-kommunikasiya şəbəkəsinin işə salınması istiqamətində işlərin intensivləşməsi barədə də razılıq əldə edilib. Yaxın zamanlarda birgə sərhəd kommisiyaları işə başlayacaq. Ş.Mişel onu da vurğulayıb ki, Aİ sülh prosesinə də töhfə vermək niyyətini ortaya qoyub. Bu da ilk növbədə humanitar dəstək və iki xalq arasında etimad mühitinin formalaşması, insanlararası münasibətlərin yaranması ilə bağlı rəsmi Brüsselin dəstək verməsini özündə ehtiva edir”. 

Rüfət Sultan