Siyasət 16:30 04.05.2023

"Ermənilər həm yerli əhalidir, həm də milli azlıq”... - Politoloq

"ABŞ-ın təzyiq etmək imkanı olsaydı, bunu edərdi, planını de-şifrə eləməzdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Vaşinqton sənədləri”ndə Qarabağ əhalisinin "yerli əhali" deyil, "etnik azlıq" kimi göstərilməsinin Vaşinqtonun Bakıya təzyiq etməsi kimi qələmə verilməsinə münasibət bildirərkən deyib:

"Təzyiq etmək üçün bunu edən tərəfin hansısa imkanı olmalıdır. ABŞ ciddi dövlətdir. Onun təzyiq etmək imkanı olsaydı bunu faş etməzdi. Sadəcə diplomatik, gizli yollarla təzyiqdən istifadə edərdi. Təzyiqi bütün dünyaya elan edəndə, bu, artıq təzyiq olmur, ucuz oyun olur”. 

Bu səbəbdən həmsöhbətimiz bildirir ki, "Vaşinqton sənədi”ndə Qarabağ əhalisinin "yerli əhali deyil”, "milli azlıq” kimi göstərilməsində heç bir təzyiq elementi görmür:

"Onların arasında nə fərq var ki? Milli azlıq yerli əhali ola bilməz?  Azərbaycanda çoxsaylı milli azlıqlar var ki, həm də yerli əhali sayılır. Ermənilər də həm yerli əhalidir, həm də milli azlıqdır. Milli azlıqlarla bağlı Azərbaycanın da imzaladığı beynəlxalq hüquqi sənədlər var. Bakı açıq şəkildə bildirir ki, həmin sənədlərdə göstərilən bütün hüquqları milli azlıqlar üçün təmin etməyə hazırıq. Ona görə də deyilən bu fikirlərdə heç bir təzyiq görmürəm”. 

Z.Əlizadə indiki mərhələdə hansısa bir dövlət və ya şəxsin Azərbaycana təzyiq etmək gücündə olduğunu da düşünmür: 

"Belə bir güc yoxdur. Azərbaycan  müharibədə qələbə çalıb. Qüvvələr nisbəti ölkəmizin xeyrinədir. Heç kim ölkəmizə təsir edə bilməz. Münaqişənin sona yaxınlaşması böyük dövlətlərə əl vermir. Çünki bu zaman Rusiya, Fransa, ABŞ bölgəni nəzarətdə saxlamaq üçün güclü bir alətdən məhrum olurlar. Amma sülh qaçılmazdır. Onu da tədricən anlayırlar. Bu səbəbdən də ermənilərə deyirlər ki, daşı ətəyindən töküb, münaqişəyə son qoysunlar”. 

Qeyd edək ki, mətbuatın yazdığına görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlar prosesilə bağlı iki ABŞ rəsmisi arasında söhbətdən sızma olub. "Vaşinqton sənədin”də Qarabağ əhalisi erməni tərəfinin təklif etdiyi kimi "yerli əhali" deyil, "etnik azlıq" kimi göstərilir. 
 
Rüfət Sultan