Siyasət 18:19 08.06.2023

Ermənistan nümayəndə heyəti Bakıda keçirilən iclasda iştirak edir

Ermənistanın nümayəndələri MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə MTX "Sputnik Ermənistan"a bildirib.

Məlumata görə, Ermənistan nümayəndə heyətinə komandir vəzifəsini icra edən şəxs rəhbərlik edir (Arman Maralçyan getdikdən sonra yeni rəhbər hələ təyin olunmayıb).

Ermənistanın nümayəndələri Bakıya Moskvadan uçublar.

Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyəti və onun inkişaf tendensiyalarını müzakirə edəcəklər.

Bundan əvvəl, iyunun 6-da MDB-yə üzv dövlətlərin sərhəd qurumlarının ekspert qrupu Birlik Sərhəd Qoşunları Komandanları Şurasının baxılması üçün təqdim edilmiş sənədlərin layihələrini razılaşdırıb.

Alpər