Siyasət 16:57 02.05.2022

Ermənistanın atəşkəsi pozması kimlərin marağına cavab verir? (ŞƏRH)

"Ermənistanda etiraz aksiyaların artması və orduda müxalifətə bağlı hərbçilərin olması atəşkəsin pozulmasında katalizator rolunu oynayır. Ona görə də, Kəlbəcər istiqamətində ermənilər tərəfindən atəşkəsin pozulmasına Ermənistanda yaşayan son hadisələr kontekstində yanaşmaq lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu son günlər Ermənstanın Azərbaycanın Kəlbəcər rayonu istiqamətində sərhəddə atəşkəsi yenidən pozmasının səbəblərindən danışarkən deyib:

"Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyana sülh müqaviləsinin imzalanması üçün təklif etdiyi 5 təklif Ermənistanda müxalifətin kifayət qədər aktivləşməsinə səbəb olub. Erməni müxalifəti Paşinyanı Ermənistanın maraqlarına xəyanətdə suçlayır. Bu fonda Ermənistan müxalifətinin aprelin 29-dan bəri təşkiil etdiyi mitinqlərində iştirak edənlərin sayı yüksələn xətt üzrə artmaqdadır. Hərçənd bu aksiyaların Paşinyanın istefasına nail olacağı inandırıcı görünmür. Bununla belə düşünürəm ki, etiraz aksiyaların artması və orduda müxalifətlə bağlı hərbçilərin olması atəşkəsin pozulmasında katalizator rolunu oynayır”.

Ermənistanın sərhəddə aktivləşməsinə həmsöhbətimiz həmçinin Rusiyanın bölgədəki maraqları kontekstində yanaşmaq lazım gəldiyini söylədi:

"Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə görüşdə irəli sürdüyü təkliflərə münasibətdə, Bakı ilə İrəvan arasındakı problemlərin yeganə həllinin Moskva razılaşmasından keçdiyini deməsi, Rusiyanın dolayısı ilə Avropa İttifaqı, Ermənistan və müəyyən mənada Azərbaycana mesajı kimi qəbul olunmalıdır.

Bu mənada, sərhəddə ermənilər tərəfindən atəşkəsin pozulmasının səbəbləri sırasında həm Ermənistan müxalifətinin Paşinyana təzyiqləri, həm də bölgədə mövcud geosiyasi reallıqları Aİ-nin dəyişmək istəyinə Kremlin reaksiyasını qeyd etmək olar”.

Rüfət Sultan