Dünya 14:14 17.10.2022

Evin həbsxanasında nə baş verib? - İran xaosa sürüklənir (ŞƏRH)

İranda məşhur Evin həbsxanasında baş verən yanğında ölənlərin sayı ilə bağlı rəsmi açıqlamalarla hökumətin nəzarətindən kənar mənbələrin məlumatları arasında ziddiyyət mövcuddur. 

Qaynarinfo xəbər verir ki, ilkin rəsmi açıqlamalarda hadisə zamanı 4 nəfərin öldüyü bildirilib. Lakin hökumətin nəzarətindən kənar mənbələr ölənlərin sayının bundan bir neçə dəfə çox olduğunu iddia edirlər. İran İnsan Haqları Təşkilatı BMT-ni hadisə ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb. Təşkilat iddia edib ki, İran hakimiyyəti həqiqəti gizlədir. Bundan sonra ölənlərin sayının 8-ə çatdığı açıqlanıb. İranın dövlət televiziyası isə əvvəlcə yanğın zamanı 40 nəfərin öldüyü barədə məlumat yayıb. Sonradan məlumat təkzib edilib. Yerli fəallar hesab edir ki, dövlət televiziyasının açıqladığı rəqəm həqiqətə yaxındır. 

Almaniyada mühacirət həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudinin sözlərinə görə, məlumatın təkzib edilməsi hökumətin təzyiqi nəticəsində baş verib. 



"Dövlət televiziyası belə səhvə yol verməz. Görünür, İrandakı rejim ölənlərin sayının çox olmasının Məhsa Əminin ölümü ilə bağlı aksiyaların daha da alovlanmasına rəvac verəcəyindən ehtiyatlanıb. Ona görə də 40 nəfərin ölümü barədə məlumat təkzib olunub”, deyə Nağı Mahmudi bildirib. 

Hüquqşünas həbsxananın qəsdən yandırılması barədə iddialara da toxunub. 

"Açığı hadisənin qəsdən törədlib-törədilmədiyi dəqiq bilinmir. Lakin o bəllidir ki, bir neçə gün əvvəl Evin həbsxanasında aksiya olub. Aksiyaya səbəb 4 siyasi məhbusun həbsxanadan köçürülməsidir. Aksiyanı siyasi məhbuslar başlayıb. Qeyri-siyasi məhbuslar da onlara dəstək verib. Bu fakt həbsxananın qəsdən yandırıla biləcəyi ehtimallarını artırır”, deyə iranlı mühacir vurğulayıb. 

İran rəsmiləri əvvəlcə həbsxanada yanğını orada keçirilən aksiyalarla əlaqələndiriblər. Lakin sonradan açıqlama verilib ki, yanğın geyim anbarında baş verib. Yanğın zamanı partlayış və atəş səslərinin eşidilməsi də həbsxananın qəsdən yandırıldığını iddia edənlər üçün əlavə arqumentə çevrilib. 


 
Qeyd edək ki, Evin həbsxanası 1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin dövründə tikilib. Həbsxana Tehranda, Elbrus dağının ətəyində Evin adlanan bölgədə inşa edilib. Həbsxananın tikildiyi yerdə 1920-ci ildə qısa müddət İranın baş naziri vəzifəsini daşımış Ziyaəddin Təbatəbainin evi olub. 

Evin həbsxanası əvvəlcə 320 məhbus üçün nəzərdə tutulub və təcridxana kimi fəaliyyət göstərib. Buraya nəzarət isə şah dövrünün təhlükəsizlik qurumu olan SAVAK-ın (Sazeman-e Ettelaat va Amniyat-e Keshvar - Milli Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) əlində olub. Lakin sonradan təcridxana həbsxana kimi fəaliyyət göstərib. Bəzi hallarda məhbuslar elə buradaca mühakimə olunaraq edam ediliblər. 

İranda Evin həbsxanasını siyasi məhbusların çoxluğundan "Evin Universiteti” də adlandırırlar. 1977-ci ildə Evin həbsxanası genişləndirilib və məhbusların sayı 320-dən 1500-ə qədər yüksəlib. İslam inqibabından sonra isə daha da genişləndirilərək 15 000 məhbus üçün nəzərdə tutulmuş həbsxanaya çevrilib. 
 

Seyid