Dünya 18:30 10.02.2023

Finlandiya NATO-ya üzv olana qədər Ukraynaya tank verməyəcək - WSJ

Finlandiya NATO-ya üzv olana qədər Ukraynaya tankları birbaşa vermək niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.

Alyansın adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi deyib ki, Finlandiya rəsmiləri açıq şəkildə bildiriblər ki, Ukraynaya tankların birbaşa tədarükü, çox güman ki, ölkə NATO-ya rəsmi şəkildə daxil olana qədər təxirə salınacaq.

Eyni zamanda, alyansa daxil olduqdan sonra da sərəncamında 240-a yaxın tank olan Finlandiya yalnız az sayda tank verə biləcək, - deyə o bildirib. Nəşr qeyd edir ki, Finlandiyanın NATO-ya qəbulu hazırda Türkiyənin mövqeyinə görə təxirə salınır.

Finlandiyanın müdafiə naziri Mikko Savola bildirib ki, ölkə Ukraynaya "Leopard” tanklarının tədarükündə iştirak edəcək, lakin onun töhfəsi az olacaq.
Yanvarın 24-də Finlandiya prezidenti Sauli Niiniste ölkəsinin "Leopard” tanklarını Ukraynaya təhvil verməyi nəzərdən keçirdiyini təsdiqləyib, lakin hesab edir ki, avropalı tərəfdaşlarla birlikdə tank koalisiyası yaratmaq daha yaxşıdır.

Nizami Bağırov