Dünya 14:43 20.11.2023

Finlandiya Rusiya ilə sərhədi tamamilə bağlayır - KİV

Finlandiya hökuməti yaxın vaxtlarda Rusiya ilə sərhəddə digər keçid məntəqələrini də bağlamağı planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın "İltaLehti” nəşri ölkənin Xarici İşlər və Daxili İşlər nazirliklərindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət şərq sərhədindəki keçid məntəqəsinin bağlanması ilə bağlı qərarı bazar ertəsi, noyabrın 20-də verəcək. Belə olan halda, buraxılış məntəqələri noyabrın 22-də bağlanacaq.

"IltaLehti" yazır ki, Finlandiya hakimiyyəti cənub-şərqdə 4 keçid məntəqəsinin bağlanmasından sonra keçid məntəqələrinə gəlməyə başlayan miqrantlara görə Rusiya ilə quru sərhədini tamamilə bağlamaq qərarına gəlib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sığınacaq axtaranların əksəriyyəti Afrika və Yaxın Şərq ölkələrindəndir.

Finlandiya Sərhəd Xidməti dünən bildirib ki, qaçqın axını kəskin şəkildə artıb - noyabrın birinci yarısında 415 nəfər, oktyabrda 32, sentyabrda isə 13 nəfər olub. Nazirlik əlavə edib ki, miqrantların ölkəyə qeyri-qanuni daxil olmasına "xarici dövlətin səlahiyyətliləri” şərait yaradıb. 
"İltaLehti" aydınlaşdırır ki, sərhədi bağlamaqla, Finlandiya hakimiyyəti "canlı silahların istifadəsini dayandıracaq".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında Rusiyanın Finlandiyanın qərarına "təsir edə bilməyəcəyini” deyib. O əlavə edib ki, "praqmatik münasibətlər” "rusofob mövqe” ilə əvəzlənib.

Xatırladaq ki, noyabrın 16-da Finlandiya hakimiyyəti noyabrın 18-dən Rusiya ilə sərhəddəki dörd keçid məntəqəsini bağlamaq qərarına gəlib. Noyabrın 18-də beşinci "Vartius” buraxılış məntəqəsi bağlanıb. Bir gün əvvəl Finlandiya hərbçiləri sərhədə gəlib və əlavə qoruyucu hasarlar çəkməyə başlayıblar.

Nizami Bağırov