Dünya 19:04 16.04.2023

"Fitch" Belarusun defolt statusunu təsdiqləyir

Beynəlxalq reytinq agentliyi "Fitch" Belarusun kredit reytinqini dəyişməyərək, RD - məhdud defolt səviyyəsində saxlayıb.

Qaynarinfo bu barədə Agentliyə istinadən xəbər verir.

Qeyd olunur ki, Belarus ötən il kreditorlarla borc müqavilələrini pozaraq, borclarını dollarla deyil, milli valyuta ilə ödəməyə başlayıb. Bu günlərdə yenə milli valyuta ilə növbəti ödəniş həyata keçirilib. Bu, öz növbəsində, Belarusu sivil dünyanın maliyyə sistemindən faktiki olaraq ayıran Qərb sanksiyalarının nəticəsidir.

Bundan əlavə, "Fitch" 2023-cü ildə Belarus Ümumi Daxili Məhsulun (ÜDM) 1,3%, 2024-cü ildə isə 0,3% azalacağını proqnozlaşdırır. Bu da Qərbin sanksiyalarının nəticəsi hesab olunur.

Agentliyin ekspertləri vurğulayırlar ki, Rusiya ilə gələcək hərbi əməkdaşlıq və Ukraynaya qarşı müharibə çərçivəsində Moskvaya yardım Belarus üçün sanksiya risklərini artırır.

Qeyd edək ki, ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan kömək və müdafiə istəyib, çünki Qərb Budapeşt Memorandumu çərçivəsində Minskə verilən təhlükəsizlik zəmanətlərini pozur. Əslində Belarus heç vaxt bu sənədi imzalamayıb.

Aydın