Dünya 15:29 22.06.2022

Fransada koronavirus yenidən tüğyan edir

Fransa koronovirusun yeni variantlarının artması ilə yenidən COVID-19 infeksiyası dalğası ilə üzləşir.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Fransanın peyvəndlər üzrə rəhbəri Alan Fişer deyib.
 
Fransada gündəlik yeni koronavirusa yoluxma halları bir gün əvvəl 95,000-dən çox olmaqla, demək olar ki, iki aylıq pik həddinə çatıb.  France 2 televiziyasında danışan Fişer pandemiyanın ölkədə yenidən yayılmasına şübhə olmadığını deyib. O, ictimai nəqliyyatda maskataxmaq  məcburiyyətinin bərpasının tərəfdarı olduğunu bildirib.
 
"Əsas sual odur ki, bu dalğa hansı intensivliyə malikdir?”, - Fişer bildirib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, Portuqaliya və digər Avropa ölkələrində iki yeni Omicron variantı olan BA.4 və BA.5 virusunun yayılmasında artım müşahidə edilir. 

Mərkəz bildirib ki, bu variantlar Omicron-un digər formalarına nisbətən daha ağır xəstəlik riski daşımır. Ancaq onlar bir qədər daha yoluxucu olduğundan, bu, daha çox xəstəxanaya yerləşdirmə və ölümlə nəticələnə bilər.

Nurlan Hüseynov