Ölkə 19:29 25.06.2022

Füzuli istiqamətində şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verildi (FOTO)

Bu gün Bakı – Füzuli – Bakı istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. İlk avtobus səhər saat 07:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

Bu haqda Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Sərnişinlər yol boyu dağıdılmış kəndləri, məhv edilmiş infrastrukturu müşahidə ediblər. 5 saatdan sonra sərnişinlər uzun illər həsrətində olduqları Füzuliyə çatıblar. Onlar 30 il əvvəl tərk etdikləri doğma yurdlarının erməni vandalizmi nəticəsində tanınmaz hala düşdüyünün şahidi olublar. 

Vətəndaşlar bələdçinin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Merdinli kənd məscidini, Füzuli şəhər mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar Karvansaray kompleksini ziyarət ediblər.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mina təhlükəsizliyi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş etdirilir. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdirilib. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 206 reys həyata keçirilib. 8857 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.