Dünya 17:29 17.04.2023

G7-nin qərarları Ukraynaya nə vəd edir? - Politoloq

G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) xarici işlər nazirləri Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində keçirilən iclasda Rusiyaya qarşı sanksiyaları saxlamaq, onların qarşısını almaq üçün birgə işləmək və Ukraynanı dəstəkləməyə davam edir. Müvafiq bəyanat Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

İclas iştirakçıları Rusiyaya üçüncü ölkələrdən silah tədarükünün qarşısını almaq üçün tədbirlər görmək niyyətində olduqlarını vurğulayıblar. Onlar bildiriblər ki, Moskva Ukraynadan qoşun və texnikanı çıxarmalıdır, prezident Vladimir Putinin Belarusda taktiki silahlar yerləşdirmək niyyətini pisləyib və Rusiyanın "məsuliyyətsiz nüvə ritorikası”nı qəbuledilməz adlandırıb. Putin Böyük Britaniyanın tükənmiş uran mərmilərinin Ukraynaya təhvil verilməsi vədini əsas gətirərək martın sonunda Minskdə nüvə silahı yerləşdirmək planlarını açıqlayıb.

Bundan əlavə, Yaponiyanın naziri Yoşimasa Hayaşi "Qlobal Cənub” ölkələri (Afrika, Latın Amerikası və Asiyanın inkişaf etməkdə olan dövlətləri; Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib) ölkələri ilə əlaqələri gücləndirməyə çağırıb. 

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, indiki dönəmdə G7-in əsas prioritet gündəmi Ukrayna-Rusiya müharibəsidir:



"Moskvanın Ukrayna üzərində qələbə qazanmasına ən böyük əngəl məhz G7 dövlətlərinin tətbiq etdiyi sanksiyalar və Kiyevə etdikləri hərbi yardımlardır. G7-in Tokio görüşündə də əsas prioritet bu məsələ olub. Artıq Rusiyanın zəiflədiyi bəllidir. Ona görə də bundan sonra ona qarşı atılacaq addımlar əsas müzakirə predmeti olub. Əslində, bunun əkisni düşünmək G7-in Rusiya qarşısında məğlubiyyəti anlamına gələrdi. G7-in Rusiyaya qarşı bu günə qədər tətbiq etdiyi sanksiyalar əslində bütün sahələri əhatə edir. Problem ondadır ki, Rusiya bu sanksiyalardan yan keçmək üçün müxtəlif ölkələrdən istifadə etməyə çalışır. Bu ölkələr arasında Mərkəzi Asiya, Ermənistan, Gürcüstan var. Ona görə də əsas məsələ həmin ölkələr üzərindən Rusiyaya olan ixracın qarşısını almaqdır”. 

Rüfət Sultan