Ölkə 13:06 19.05.2022

Görürəm ki, bacımın üç qulağı var, çantam uçur… - “Uşaqlara 40+ sual” layihəsində

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmür. Öz dünyaları var. Onlar həmin dünyada sevinir, oynayır, danışır, gülür.

Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

"Uşaqlara 40+ sual” layihəmizdə o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq. 

Qaynarinfo-nun "Uşaqlara 40+ sual” layihəsinin müsahibi, Cəbrayıl rayonu Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin 2 A sinfinin şagirdi Nəzrin Paşazadədir.

 
1. Sən kimsən?

- Nəzrin. Şəhid mayor Elsəvər Paşayevin qızı Paşazadə Nəzrin.

2. Bu an istədiyin hər şeyi edə biləcəyini düşün, nə etmək istəyərdin? 

- Oxumaq, nəsə mahnı oxumaq. 

- Məsələn...

- Hansısa xoşladığın bir mahnı varmı?

- Var

(Nəzrin bizimçün oxuyur)

3. Bilirsənmi xəyal qurmaq nədir? 

- Bilirəm, nəsə bir şeyin xəyalını qurursan. İstədiyin bir şeyin xəyalını. 

- Son dəfə nə xəyal qurmusan?

- Atamın...

- Atanın? Necə?

- Məktəbə getdiyim ilk illər (duyğulanır)…
 


4. Anan səni qucaqlayanda nə hiss edirsən?

- Anamın məni sevdiyini düşünürəm. 

- Bəs səncə, anan sən onu qucaqlayanda nə hiss edir? 

- Sevinc hiss edir.

5. Yardımlaşma nədir?

- Yəni, bir adama kömək edirsən. 

- Sən ən çox kimlərə yardım etmək istəyərdin?

- Yıxılanlara.

- Yıxılanlar deyərkən...

- Yəni, bir adam yerə yıxılır, ona.

6. Nağılları sevirsən?

- Sevirəm. 

- Düşün ki, bir nağıl kitabı yazmalısan, mövzusu nə olardı? 

- Təbiət, gül-çiçək, bu mövzuda yazmaq istəyərdim. 

7. Fikirləşək ki, sabah bir möcüzə olacaq, nə möcüzə olmağını istəyərdin? 

- Atamı görmək istəyərdim. 

8. Nəzrin hansı səsləri sevir?

- Musiqi səsini.

- Daha çox hansı musiqilər səni özünə çəkir?

- Qarabağa aid.

- Niyə?

- Qarabağı sevirəm, ona görə. 

9. Səncə, Nəzrin enerjili uşaqdır? 

- Bəli. Məktəbə gedirəm, musiqiyə gedirəm.
 


10. Bilirsənmi bağlılıq nədir? 

- Yəni kiməsə bağlı olmaq?.. Kimisə çox sevirsən. 

- Sən kimə bağlısan?

- Anama, atama. 

11. Bir teatr tamaşasında sənə rol verilsəydi, hansı obrazı oynamaq istəyərdin?

- Pəri rolunu oynamaq istəyərdim.

- Niyə pəri?

- Pəriləri çox sevirəm. 

- Niyə sevirsən pəriləri?

- Geyimindən, sehrindən xoşum gəlir. 

- Sənin pərilər kimi bir neçə dəqiqəlik sehirləyə bilmək gücün olsaydı, nə edərdin?

- Yazıçı olmaq üçün özümü sehirləyərdim. 

12. Nəzrini ən çox nə narahat edə bilər?

- Əsəbiləşəndə narahat oluram. 

- Nəyə əsəbiləşirsən?

- Bacımla dalaşanda əsəbiləşirəm. 

13. Sənin canını nə yandıra bilər?

- Ailəmə bir şey olanda canım yanar. 

- Bayaq dedin ki, bacımla dalaşıram. Bəs bacıya bir şey olsa canın yanar? 

- Yanar.

- Nə olsa?

- Yıxılsa, bir yeri əzilsə.

- Bəs kimsə bacını incitsə?

- Əsəbiləşərəm.

- Müdafiə edərsən bacını?

- Kimsə ona toxunsa, ancaq bacım heç nə eləməsə, qoruyaram. 

14. Nəzrin fotoqraf olsaydı, necə fotolar çəkərdi?

- Heyvanların fotolarını çəkərdim. Göygurşağının fotolarını çəkərdim. 

- Nəzrin təbiətə bağlıdır, mən belə görürəm. Niyə?

- Çünki gül-çiçəyi sevirəm. 

15. Hansı fəsli sevirsən?

- Yay.

- Niyə?

- Çünki yayda ad günümdür. 

- Nə vaxt?

- İyunun 12-si

15. Dostların var?

- Var.

- Xasiyyətləri xoşuna gəlir?

- Bəzilərinin yox.

16. İnsanların hansı xasiyyətləri xoşuna gələr ki, sən onlarla dostluq qurasan?

- Məni sevmələri.

- Dostluq mükəmməl hisdir?

- Bəli, çox.

17. Nəzrinin oyun oynayanda ağlına ilk nə gəlir?

- Çölə çıxıb oynamaq istəyirəm. İlk onu düşünürəm. 

18. Yay tətilində nə etmək istəyirsən?

- Nənəmgilə getmək, dənizə getmək, harasa çıxıb gəzmək istəyirəm. 

19. Nəzrinin canını nə sıxa bilər? 

- Kimsə mənə yapışsa, sıxsa, əsəbiləşdirsə, vursa. 
 


20. Düşün ki, paltarlarını artıq özün tikəcəksən, onlara necə dizayn verərdin?

Səliqəli olsun, üstündə ürək, kukla, bəzəklər, naxışlar olsun. 

21. Hansı rəngi sevirsən?

- Bənövşəyi.

22. Evinizdə ən çox nəyi sevirsən?

-Yazı stolumu sevirəm. 

23. Səncə, ağaclar bizi eşidir? 

- Məncə, eşidirlər. Sadəcə, biz onları eşitmirik. 

- Biz niyə eşitmirik ki, onları?

- Şünki onların ağzı yoxdur, bizim var.
 
24. Bayaq dənizi sevdiyini dedin. Səncə, dəniz niyə mavidir?

- Göy kimi, buludlar kimi mavidir.

25. Səncə, məktəb nə üçün lazımdır?

- Bilik qazanmamıza kömək edir. 

- Nəzrin məktəbi bitirəndə hansı sənətin sahibi olmaq istəyir?

- Həkim və rəssam. Çox şey olmaq istəyirəm, qərar verməmişəm hələ.

26. Sən bilirsənmi müqəddəslik, müqəddəs olmaq nədir?

- Bilirəm, dünyada səndən bir dənə olmasıdır. 

27. Hansı musiqi alətini sevirsən?

- Qavalı sevirəm, ifa edəndə xoşuma gəlir. 

28. Düşün ki, bir gün gəlib sənə deyirlər, bir neçə saatlıq kiminsə yerinə keçə, yəni həmin adam ola bilərsən. Kimin yerinə keçmək istəyərdin? 

- Rəssamın yerinə.

- Niyə?

- Şəkil çəkərdim.

- Səni şəkil çəkməyə, rəsmə bu qədər bağlayan nədir? 

- Çünki şəkil çəkməyi çox sevirəm. Şəkil çəkəndə sevinc hissləri keçirirəm. 

29. Səncə, insanları ən çox nə hirsləndirə bilir? 

- Kimsə gəlib onu vursa, nəsə pis bir söz desə, əsəbiləşər. 

30. Su olmasa necə olardı həyat? 

- Hər yer quruyardı, yaşıllıq qalmazdı. İnsanlar da ölərdi.

- Niyə?

- Susuz yaşaya bilməz axı insan. 
 


31. Təsəvvür elə, bir gün kranı açırıq, su əvəzinə ordan başqa nəsə axır. NƏ axmağını istəyərdin? 

- Musiqi. 

- Krandan musiqi… maraqlıdır. Niyə? 

- Evdə musiqi səsi gələrdi.

- Necə bir musiqi səsi gəlməyini istəyərdin?

- Sevincli musiqi.

32. Yuxu görürsən?

- Arada. 

- Səncə, biz niyə yuxu görürük? 

- Xəyalını qurub və qurmadıqlarımızı görürük yuxuda. 

33. Yuxuların yadında qalır?

- Bəzən. 

- Gördüyün maraqlı yuxulardan yadında qalan birini danışa bilərsən bizə? 

- Bir dəfə görmüşdüm ki, istədiyim bir yerə getmişəm. İstədiyim paltarı geyinib, istədiyim saç formasını etmişdim. 

34. Sabah ana ilə birlikdə nə etmək istəyərsən?

- Anayla birlikdə Bakıya, bulvara gəzməyə getmək istəyərəm. 

35. Məktəbdə axırıncı dəfə nə öyrənmisən?

Saatlar haqqında.

36. İndiyə qədər fərqli nəsə etmək istəmisən, amma etməmisən?

- Canlı oxumaq istəmişəm.

37. Nə vaxt rəsm çəkirsən?

- Kefim yaxşı olanda.

38. Nəzrinin elə bir sirri varmı ki, onu ancaq özü bilir?

- Var. Dovşanları çox sevirəm, amma heç kim bilmir.
 
- Niyə? 
- Deyərlər ki, dovşanı kim sevər? 
 
- Niyə deyirlər ki? Səncə, başqa insanlar dovşanı sevə bilməzlər?
 
- Sevə bilərlər. 

39. Anadan ən çox nə istəyirsən?

- Mənimlə rəsm çəkməyini istəyirəm.

40. Sən bilirsən qazanmaq nədir? 

- Qazanmaq, yəni qələbə çalmaq? 

- Aha, qazanmaq bizə nə üçün lazımdır? 

- Qalib olmaq, hamı bizi tanısın, məşhur olmaq üçün.

41. Nəzrin düşünsün ki, bir gün azdaddır, bütün gün onundur, o nə işlə məşğul olar?

- Oyun oynayacağam, musiqi oxuyacağam, rəsm çəkəcəyəm. Yəni istədiyimi edəcəm. 

42. Qanun nədir? 

- Yəni anan nə deyirsə, onu mütləq eləməlisən. 

- Nəzrinin qanunları var?

- Arada olur.

- Məsələn...

- Bacıma deyirəm ki, qələmlərimə toxunma. 

43. İndi ətrafında səslər var. Hansı səsləri eşidirsən? 

- Maşın səsi, öz səsim. 

44. Səncə, biz gözəl bir gün keçirmək üçün nə etməliyik?

- İstədiyimizi etməliyik. Çox sevdiyimiz işləri görməliyik. 

- Nəzrin nəyi çox sevir?

- Gül yığmağı. 

- Hansı gülü sevir?

- Qızılgülü.

45. Səncə, ağıllı olmaq nədir? 

- Bir adamın dediyinə qulaq asıb, əməl etməkdir. 

- Kimin?

- Müəllimimin, anamın, nənənəmin dediyini.

46. Nəzrin bir mağaza açsaydı, orda nə satardı? 

- Oyuncaq, musiqi alətləri, geyim.

47. Bu gün ən çox nəyə gülmüsən?

- Röyamda gördüyümə. Görmüşəm ki, bacımın üç qulağı var. Çantam uçur. 

48. Gecə yatandan qabaq nə düşünürsən?

- Nağıl yazmaq haqqında düşünürəm.

- Təşəkkür edirəm, səninlə müsahibə çox maraqlı idi. 

Sağ olun.
 
Günay İlqarqızı