Dünya 10:24 07.05.2023

Gürcüstan DTX-dən Türkiyə mətbuatına cavab

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin rəhbəri Baço Mqeladze bildirib ki, ölkədə terrorçular üçün heç bir təlim düşərgəsi yoxdur.

Qaynarinfo xəbər verir ki, Baço Mqeladze terrorçularla bağlı məlumatları Türkiyə tərəfinə təqdim etdiklərini qeyd edib.

"Burada heç bir təlim düşərgəsi yoxdur, terrorçular və yaraqlılar təlim keçmir. Üstəlik, DTX uzun müddətdir araşdırma aparır, bəzi məlumatlar alırıq və onları operativ şəkildə tərəfdaşlarımıza, o cümlədən Türkiyə tərəfinə çatdırırıq", deyə Mqeladze bildirib.

Onun sözlərinə görə, mayın 5-də Türkiyədə keçirilən antiterror əməliyyatının əsasını məhz Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatları təşkil edib. Əməliyyat çərçivəsində terrorizm ittihamı ilə 74 nəfər saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda terrorçular üçün təlim bazalarının fəaliyyət göstərdiyi barədə məlumat yayıb.

Aydın