Dünya 17:20 25.05.2023

Gürcüstan Qərbə məhəl qoymur: rusiyalılar üçün Avropaya tranzit uçuşlar...

"Georgian Airways" iyunun 15-dən etibarən rusiyalılar üçün Tbilisi üzərindən Avropaya tranzit reyslər açmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan aviadaşıyıcısının təsisçisi Tamaz Qayaşvili bildirib.

Uçuşlar Milan, Paris, Vyana, Larnaka və Salonikiyə həyata keçiriləcək.

"Bu (tranzit) marşrutlara kifayət qədər tələbat olacaq. Bu, Tbilisi vasitəsilə digər istiqamətlərə nisbətən daha rahat və daha sürətli olacaq”, - o, RTVI-ya müsahibəsində bildirib. O aydınlaşdırıb ki, hazırda tranzit uçuşların başlanması ilə bağlı yekun detallar (xüsusən də onların nə qədər müntəzəm yerinə yetiriləcəyi) üzərində iş aparılır.

Qayaşvili əlavə edib ki, "Georgian Airways" Rusiya ilə Gürcüstan arasında sərnişin axınının tədricən bərpa olunacağını gözləyir.

Gürcüstan hakimiyyəti hələlik "Georgian Airways”in Tbilisi vasitəsilə rusiyalılar üçün Aİ-yə tranzit uçuşlar təşkil etmək planlarını şərh etməyib.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstana uçuşlara qoyulan qadağanı və bu ölkə vətəndaşları üçün viza rejimini ləğv edib.
 
Gürcüstana uçuşlar Azimut, Georgian Airways, Red Wings şirkətləri tərəfindən həyata keçirilib.

Mayın 20-də Tbilisidən Moskvaya ilk birbaşa reys "Georgian Airways" tərəfindən, Moskvadan Tbilisiyə isə Azimut tərəfindən həyata keçirilib. Rusiya təyyarəsinin gəlişi zamanı Tbilisi hava limanı yaxınlığında hava hərəkətinin bərpasına qarşı mitinq keçirilib. ABŞ Dövlət Departamenti Gürcüstan və Rusiya arasında uçuşların bərpası qərarının Vaşinqtonda "narahatlığa səbəb olduğunu” bildirib və Gürcüstanın aviaşirkətləri və hava limanlarına qarşı sanksiyaların tətbiq oluna biləcəyinə eyham vurub.  

Nizami Bağırov