Xəbər lenti

Dünya 19:28 30.04.2024

"Gürcüstan yol ayrıcındadır, hara gedəcəyini bilmir" - Ekspert

"Bdzina İvanişvili siyasi manipulyasiya ilə məşğuldur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Ekspert bildirib ki, bu gün Gürcüstan öz tarixinin ən çətin dövrlərindən birini yaşayır:

"Ölkə yol ayrıcındadır. Avropa İttifaqının təklif etdiyi yolla gedərək ümumi ailəyə qoşulmaq, yoxsa bu perspektivi müxtəlif vasitələrlə gecikdirmək. Hazırda iqtidarda olan Gürcü Arzusu Partiyası ikinci yolu tutmuş kimi görünür. Yəni Avropa İttifaqı və ABŞ-ın dəfələrlə bəyan etdiyi kimi hazırda parlamentdə qəbul edilməsi gözlənilən"Xarici agentlər haqqında" qanun layihəsinin həyata vəsiqə alması məhz bu anlama gəlir. Yəni Gürcüstan hökumətinə qeyd olunan mərkəzlərdən xəbərdarlıq edilib. Gürcüstandakı bəzi siyasətçilər isə daha irəli gedərək "Rusiya qanunu" adlandırılan bu sənədin qəbul edilməsi ilə Avropa İttifaqı-Gürcüstan münasibətləri nəinki dondurulacağı, hətta geriyə addımlar atılacağını da proqnozlaşdırırlar".

Ekspert bildirib ki, Gürcüstanın hakim partiyasının lideri Bdzina İvanişvilinin Tiflisin 2030-cu ildə Aİ-yə üzv olacağı barədə proqnozları ən azından siyası manipulyasiya təsiri bağışlayır. 



Həmsöhbətimiz deyir ki, yaranmış vəziyyət ayağa qalxan Avropaya inteqrasiya tərəfdarlarını sakitləşdirmək üçün hakimiyyətdən müəyyən addımlar atmaq və manevrlər etməyi tələb edir: 

"Bdzina İvanişvilinin Avropa İttifaqına 2030-cu ilədək qoşulacağı proqnozu da məhz etirazçıları sakitləşdirmək üçün ortaya atılan vəd kimi qiymətləndirilə bilər”. 

Amma ekspert vəziyyətdən bu yolla çıxmağın hökumət üçün asan olacağını düşünmür: 

"Gürcüstandan gələn xəbərlər vəziyyətin getdikcə hakimiyyət üçün təhlükəli xarakter aldığını göstərir".

Əlimusa İbrahimov qeyd edir ki, Gürcüstanda 2014-cü il Ukrayna haduisələri təkrarlana bilər:

"Burada sadəcə iki yol var. Qanun ya qəbul olunacaq və qarşıdurma daha da qızışacaq və yaxud  hakimiyyət geri çəkilərək millətə qulaq asacaq". 

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri, hakim Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvili hökumətin Qərb və vətəndaş cəmiyyəti tərəfindən tənqid edilən "xarici agentlər” haqqında qanun qəbul etmək istəyi fonunda Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olacağını bildirib. 

O, bu barədə Gürcüstan parlamenti qarşısında keçirilən iqtidaryönümlü mitinqdə bildirib: Bidzina "bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, Gürcüstanın iqtisadiyyatını gücləndirəcək və 2030-cu ildə Avropa İttifaqına üzv olacağına" söz verib. 

Maraqlıdır ki, Gürcüstan hökuməti bir tərəfdən Aİ-nin də kəskin etirazına səbəb olan xarici agentlər haqqında qanun qəbul edir, digər tərəfdən liderləri 6 ilə ölkələrinin Aİ-yə üzv olacağını vəd edir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->