Siyasət 15:48 10.05.2022

Hakimiyyətə yeni simalar gələcək, amma Rusiya xilas ola bilməyəcək... - Tofiq Zülfüqarovla müsahibə

Hazırda dünyanın diqqət mərkəzində olan əsas məsələ Ukrayna ətrafında cərəyan edən proseslərdir. Rusiya iki aydan çoxdur ki, Ukraynaya qarşı müharibəyə başlasa da, demək olar? heç bir ciddi irəliləyişə nail olmayıb. Əksinə, Moskva burada bataqlığa düşüb. Digər tərəfdən, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ətrafında ilkin addımlar atılmaqdadır. Tərəflər bununla bağlı ilk təkliflərini səsləndirib. Bu və digər məsələlərlə bağlı Qaynarinfo sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun mövqeyini öyrənib.

Taym-aut daha məqbul variantdır

- İki aydan çoxdur ki, Ukraynada savaş davam edir. Rusiyanın istəyinin əksinə olaraq proses uzanır. Savaşın bu qədər uzanmasının səbəbi nədir? 

- Ukrayna böhranının təhlili çətindir. Tərəflər, ilk növbədə Rusiya öz maraqlarına qarşı addımlar atır. Müharibənin başlanması, gedişi, taktikası, daim dəyişən məqsədlər barədə bəyanatları təhlil etmək asan deyil. Rusiyanın siyasi elitasının bu addımı atmasını izah etməkdə məntiqi nəticələr işləmir. Ukraynada baş verən bəzi hadisələr də təəccüb doğurur. Ukraynaya Qərb hərbi kömək göstərir. Amma bu hərbi köməkdən tam istifadə üçün vaxt lazımdır. Sanksiyaların Rusiyaya təsiri üçün də bir neçə ay lazımdır. Bu mənada fikrimcə, Azərbaycanın 1994-cü ildə Ermənistanla bağladığı atəşkəs razılığı əsasında Kiyev üçün ən əlverişli variant hərbi əməliyyatların hələlik dayandırması və vaxt udmaq olardı. Taktika bundan ibarət olmalıdır. Lakin hələlik bunu görmürük. Bəlkə də Rusiya buna imkan vermir. Görünən odur ki, hərbi balans ciddi şəkildə dəyişmir. Nə Rusiya Ukraynanı məğlub edə bildi, nə də Kiyev hələlik işğalçını tamamilə qovmaq gücünə malikdir. Bu məntiqlə, hələlik onların taym-aut alması daha məqbul olardı. 

General bu qədər yanıla bilərdimi?..

- Putin bu addıma niyə getdi? Bu dərəcədə ciddi sanksiyalar olacağını gözləmirdi? Söhbət adi bir adamdan getmir, böyük bir ölkənin prezidenti, təhlükəsizlik orqanının generalı bu qədər yanıla bilərdimi?

- Kreml ciddi sanksiyalarla üzləşəcəyini gözləyirdi. Krımın işğalından sonra Rusiyada düşünürdülər ki, sanksiyalar daha sərt olsa da, bir qədər sonra mövcud reallığa öyrəşəcəklər. Söhbət ondan gedir ki, məqsədlər bəlli deyil. Kreml Ukraynanı işğal edib, orada nə etmək istəyir? Kiyevdə Rusiyapərəst Yanukoviçə bənzər füquru hakimiyyətə gətirəcəyini düşünür? Amma Ukranyanı hamı yaxşı tanıyır. Orada milli şüur çox yüksək səviyyədədir. Yəni bu millətin tam olaraq özünü rusiyalı hesab etməsi qeyri-mümkündür. 20 ildən çoxdur Rusiyanı idarə edən Putinin birdən-birə ağlını itirməsi səbəbindən bu addıma getdiyinə inanmaq mümkün deyil. Digər tərəfdən, Kiyev NATO üzvlüyü məsələsini Konstitusiyaya da salıb. Amma bəllidir ki, ukraynalıların yerinə bütün hallarda heç kim vuruşmayacaq.

Putinin yol verdiyi səhvlər

- Ümumiyyətlə, müharibəyə başlamaqla Putin hansı səhvlərə yol verib? 

- Putinin səhv etmədiyi bir sahə qalmayıb. Xarici siyasəti səhvdir. Hərbi baxımından qurduğu strategiya səhvdir. Dövlətin imici və iqtisadi baxımdan da bu addım səhvdir. Moskvadakı dünənki paradda 5-6 min əsgər iştirak edib. Amma Ukraynada ondan 4 dəfə artıq itki verib. Bu da onu göstərir ki, Putin Ukraynada müharibəyə başlamaqla ölkəsini gözləyən faciənin səviyyəsini təsəvvür edə bilməyib. 

Putin və Rusiyanın gələcək taleyi

- Rusiya ordusunun gücü barədə Ukrayna müharibəsinə qədər xeyli şişirtmələr vardı. Amma Ukrayna müharibəsi bu mifə də son qoydu. Niyə rus ordusu belə acınacaqlı duruma düşdü? 

- Çünki tətbiq olunan taktika səhv idi. Hərb elmini bilən adi leytenant da dərk edir ki, hərbi kolon irəliləyəndə onun müdafiəsi təşkil olunmalıdır. Amma gördük ki, rus kolonlarının irəliləməsinə partizanlar hücum etməklə ciddi manelər törədə bildi. Yəni rus ordusunun etdiyi səhvlər olduqca bəsit səhvlər idi.

- Putin və Rusiyanın gələcək taleyini necə görürsünüz? 

- Rusiyanın siyasi ənənəsini nəzərə alsaq görərik ki, Putin bu hərəkətilə siyasi karyerasını məhv etməklə yanaşı, özünü də məhvə sürükləyəcək. Bu fonda Rusiyanın özündə də ciddi siyasi dəyişikliklər baş verəcək. Hakimiyyətə yeni simalar gələcək. Amma Rusiya iqtisadi böhrandan xilas olmayacaq. Bu böhran uzunmüddətlidir. 

- Necə düşünürsünüz, Qərb-Rusiya barışığı mümkündürmü?

- İnanmıram. Bunu ilk növbədə Qərb özü istəməz. Çünki başa düşürlər ki, bu vəziyyətdə olan Rusiyanın gələcəyi pessimistdir. Rusiyanın dağılması da gündəmdədir. İqtisadi-siyasi böhranın dərinləşməsilə müxtəlif regionlarda mərkəzdənqaçma tendensiyası güclənəcək. 

Prosesləri maraqla izləyən Çin

- Prosesləri maraqla izləyən Çinin məsələ barədə mövqeyi nədən ibarətdir? 
- Çin prosesə nəzarət edir. Onlar köhnə siyasətlə hərəkət edərək, düşmənlərinin vuruşmasına nəzarət edir. Çünki bu müharibədə həm Rusiya, həm də Qərb zəifləyir. İqtisadi fəsadlar Qərbə də öz təsirini göstərir. Avropa ölkələrində kommunal xərclər artır. Enerji böhranı Avropanı da iqtisadi böhrana sürükləyər. Rəqabət baxımından Avropa malları Çinə uduzacaq. Bir sözlə, yaranmış vəziyyətdə Çinin dominantlığı daha da güclənəcək. 

Paşinyanın devrilməsi və yeni müharibə

- Ermənistanda revanşist qüvvələr Paşinyanı devirə bilərmi? Bu baş versə, yeni savaş mümkündürmü? 

- Ermənistanda baş verən hadisələri Ukrayna olayları ilə əlaqələndirməliyik. Çünki bu təsir birbaşadır. Proses olaraq Rusiyanın zəifləyəcəyi görünür. Bu zəifləmə də siyasi layihələrdə özünü göstərəcək. Məsələn, Rusiyanın Suriyada iştirakı addım-addım zəifləyə bilər. Kreml xaricdəki hərbi bazalarını, o cümlədən Ermənistandakı bazasını bəlkə də bağlamalı olacaq. Çünki Moskvanın imkanları bütünlüklə Ukrayna cəbhəsində cəmlənir. Yəni Rusiyanın Cənubi Qafqazdan getməsi daha da sürətlənəcək. Nəticədə Ermənistana Rusiyanın dəstəyi, demək olar ki, səhnədən çıxacaq. Ermənistanda siyasi və iqtisadi böhran dərinləşəcək. Onda Ermənistanda Rusiyanın yerinə kim gələcək? Bu, ya Qərb olacaq, ya da İrəvan Türkiyənin dominantlığını qəbul edib, normal siyasi davranış nümayiş etdirməyə məcbur olacaq. Amma Qərbin bölgəmizə gəlməsi, hələ ki, real görünmür. Əfqanıstan təcrübəsi Qərb üçün böyük dərs oldu. 

Sülh sazişi, yoxsa 10 Noyabr bəyannaməsinin icrası?

- Sülh sazişindən nə gözləyirsiniz? İrəvan 6 bənddən, danışır. Azərbaycan isə 5 bəndlik təkliflər paketini verdiyini deyir. 

- Sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin nəticəsini gözləmək, hələ ki, tezdir. Azərbaycan ilk növbədə 10 Noyabr bəyannaməsinin icrasını tələb etməlidir. Bu istiqamətdə nəticəni təzyiqlə təmin etməliyik. Ermənistan hərbçiləri hələ də qeyri-qanuni olaraq Azərbaycan ərazisindədir. Təhlükəsizliyi rus sülhməramlıları təmin edirsə, onda orada erməni hərbçiləri nə gəzir? Və əksinə, ermənilər orda varsa, onda ruslar orada nə edir? Bu baxımdan məsələni ciddi qoymalıyıq. Ümumiyyətlə, baxışımız ondan ibarət olmalıdır ki, sözügedən bölgələr addım-addım Azərbaycan dövlətinə reinteqrasiya etsin. Bu prosesə maneə olan amillər də tam şəkildə aradan götürülməlidir. Bu baxımdan hesab edirəm ki, sülh sazişi yox, məhz 10 Noyabr sənədinin icrası əsas məqsədimizdir. 

- Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edib gedə bilər. Bu variantın reallaşması mümkündürmü? 

- Bəli, mümkündür, istisna etmirəm. Rusiyada baş verən hadisələr Moskvanın başının bütünlüklə Ukraynaya qarışması ilə nəticələnə bilər. Belədə, sülhməramlılar, Ermənistandakı hərbi baza Kreml üçün o qədər də aktual olmayacaq. 

Azərbaycanda Türkiyə hərbi bazası...

- Necə düşünürsünüz, Türkiyə hərbi bazasının Azərbaycanda yerləşməsi realdırmı? 

- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını nəzərə alsaq, struktur uyğunluğu və təkmilləşmə prosesinin əsas istiqamət olduğunu görəcəyik. Yəni konseptual olaraq Azərbaycan Ordusu Türkiyə Ordusunun bir modelidir. Bu baxımdan türk əsgərinin, yaxud da Azərbaycan əsgərinin burada olması eyni mahiyyət kəsb edir. Amma Türkiyə hərbi hava qüvvələrinin ölkəmizdə mövcudluğu və dəstəyi vacibdir. İstisna etmirəm ki, Türkiyənin hansısa hərbi hava qüvvələri Azərbaycanda yerləşə bilər. 

Tehrandan gözlənilən addımlar

- İran da Cənubi Qafqazda cərəyan edən prosesləri izləyir. Bu fonda Tehrandan hansı addımlar gözləyirsiniz? 

- Tehranın hazırda ciddi şəkildə Cənubi Qafqazdakı proseslərə müdaxilə edəcəyinə inanmıram. Bölgəmizdə fəallaşma İranın xeyrinə olmaz. Çünki İranın çoxsaylı problemləri var. Əfqanıstan-İran sərhədində daim gərginlik var. İranla Qərb arasında mürəkkəb proseslər gedir. İstisna deyil ki, İran üzərindən hansısa sanksiyalar götürülsün. Qərb başa düşür ki, İranla münasibətləri yumşaltmaqla Rusiyaya yönəlik sanksiyaların Avropaya təsirini qismən də olsa neytrallaşdıra bilər. 

Tofiq Zülfüqarov və ölkədaxili siyasi proseslər...

- Sizi həmişə peşəkar diplomat kimi tanımışıq. Amma ölkədaxili siyasi proseslərdə görünmürsünüz. Niyə?

- Belə fikirlərim yoxdur. Özümü, fəaliyyətimi siyasi təhlilçi qismində görürəm. Daxili siyasətlə məşğul olmağa marağım və istəyim yoxdur. İndiki mərhələdə parlamentdə təmsil olunub-olunmamağım məsələsi də aktual deyil. Öz fikirlərimi çatdırmaq üçün heç də parlament kürsüsündə oturmağıma ehtiyac yoxdur. Fikirlərimi çatdırmaq üçün Facebook da bəs edir.

Rüfət Sultan