Ölkə 09:52 31.01.2022

Həbsdə olan sabiq icra başçısından xəbər var

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Bu barədə "Report"a Lənkəran Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, M.Quliyev ötən ilin sentyabrında koronavirusa yoluxmuşdu. Bu səbəbdən onun məhkəmə prosesi bir müddət təxirə salınmışdı.