Xəbər lenti

HƏMAS və İsrail: hansını müdafiə etməli?..
Hüseynbala Səlimov
Dünya 10:25 23.10.2023

HƏMAS və İsrail: hansını müdafiə etməli?..

Əvvəlcə dedilər ki, nəinki ərəb dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanı və Misir kimi böyük dövlətlər, hətta Fələstin Muxtariyyatı və HƏMAS-ın siyasi qanadı belə onun İsraillə müharibəsini dəstəkləmirlər.

Amma sonra vurğular dəyişdi. Belə məlum oldu ki, Fələstin Muxtariyyatının lideri İsraildə səfərdə olan ABŞ prezidentinin telefon zənginə cavab verməyibmiş. Niyə belə oldu?

Səbəb həm sadədir, həm də mürəkkəb. Ona görə sadədir ki, indi diqqətlər mülki əhali arasında itikilərə yönəlib. Ona görə mürəkkəbdir ki, məgər məlum deyildimi ki, bu cür sıx əhali yaşayan bölgələrdə raket müharibəsi mülki əhali arasında çox böyük itkilərə gətirib çıxaracaq! 
HƏMAS-ın özü üçün elə bir problem yoxdur, çünki onlar yeraltı tunellərdə gizləniblər. Həm də düşünürük ki, HƏMAS terrorçuları bunları irəlicədən nəzərə alıblar: onlar bilirdi ki, mülki insanlar arasında itkilər artanda insanlar müharibəni kimin birinci başladığını tamam unudacaq və İsraili müharibəni dayandırmağa çağıracaqlar. Birinci dəfə deyil ki, belə olur: HƏMAS müharibəni başlayır, sonra da onu dayandırmağı region dövlətlərinin və dünya birliyinin öhdəsinə buraxır...

Amma İsrail öz vətəndaşlarının taleyilə oynaya bilməz, gec-tez HƏMAS problemini həll etməlidir. Dünya birliyi də buna anlaşıqla yanaşmalıdır və xüsusən də nəzərə almalıdır ki, İsrailin itkiləri heç də HƏMAS-dan az deyil.

Ona görə də düşünürük ki, raket hücumlarından sonra quru əməliyyatları labüddür. 

Halbuki bu, müharibənin gedişində ən çətin mərhələ olacaq, çünki  bölgədə hərbi texnikanın sərbəst irəliləməsi üçün çox böyük maneələr var, demək olar, ərazinin hər qarışında HƏMAS terrorçuları gizlənib. 

Bəli, İsrail gərək bütün bunları nəzərə ala. O ki qaldı bizim kimə dəstək verməyimizə, məsələ aydındır. 

HƏMAS terrorçu bir təşkilatdır. Demək olar ki, bir-iki dövlətdən başqa heç kim onu müdafiə etmir. İnsanlar, dövlətlər, sadəcə, Qəzzanın mülki əhalisini müdafiə edirlər. Bunlar isə tamam başqa şeylərdir. 

Azərbaycan da mülki əhali arasında itkilərin az olmasına çağırır, xüsusən də yaxın keçmişdə özü anti-terror əməliyyatları keçirmiş bir ölkə kimi! Belədə isə, soruşsaq ki, Azərbaycan müstəqil olandan onu müdafiə etmiş ilk üç dövlət hansılar olub, gərək, birinci növbədə qardaş Türkiyənin, Pakistanın və İsrailin adını çəkək! Bir daha deyirik ki, biz sadəcə, İsraili mülki əhaliyə diqqətli olmağa çağırırıq.

İndi vəziyyət çox görgindir. Belə güman olur ki, Qərb Yaxın Şərqdə müharibənin alovlanacağını gözləmirdi. Ona görə ki, daha çox Ukrayna müharibəsilə məşğul idi. İndi bura HƏMAS-İsrail müharibəsi də əlavə olunub. Qərb liderləri həm Kiyevə, həm də Tel-Əvivə dəstək verəcəklərini desələr də bu, elə də asan məsələ deyil. Yaxın Şərqdəki son münaqişəyə qədər ərəb dövlətlərilə İsrail arasında, xüsusən də Tel-Əvivlə Ər-Riyad arasında yaxınlaşma müşahidə olunurdu. Bəlkə də elə müharibə ona görə oldu ki, bu proses dayansın.

İndi dünyada yeni geosiyasi düzən uğrunda çarpışma gedir. Belə bir fikir var ki, Rusiyanın və hətta İranın bəxti gətirdi, çünki yeni Yaxın Şərq savaşı diqqəti onlardan ayrıdı. Belədirmi? Birmənalı şəkildə demək çətin məsələdir. Xüsusən də İranaa gəldikdə, bu dövlət haqqında bunları iddia etmək olmur: təkcə ona görə yox ki, Suriyada və Livanda həmişə İranın iştirakı var, həm də ona görə ki, Tehran heç bir vaxt Fələstin hərəkatını, xüsusən də onun radikal qanadını dəstəklədiyini inkar etməyib. Elə bu səbəbdən də düşünmürük ki, yeni regional müharibə qızışsın, amma onu inkar etmək də olmur – qarşıdan çox çətin günlər gəlir, təhlilçilər üçüncü dünya savaşından danışırlar. Buradasa həm şişirtmə var, həm də ki, haqlı bir təlaş və həyəcan.

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->