Dünya 18:05 04.05.2023

Hindistanın Rusiyadan rupi ilə ucuz qaz və neft almaq arzusu suya düşdü

Hindistanın iki hökumət rəsmisi və məsələni bilavasitə bilən mənbə bildirib ki, aylarla davam edən danışıqlar Moskvanı Hindistan valyutasını yığmağa inandıra bilmədikdən sonra Hindistan və Rusiya ikitərəfli rupi ticarət mexanizmi üzərində işi dayandırıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” Reuters-ə istinadən məlumat yayıb.

Bu xəbər Rusiyadan ucuz neft və kömür idxal edən hindistanlıları ciddi şəkildə narahat edə bilər, belə ki, onlar valyutanın konvertasiyası xərclərini azaltmaq üçün rupi ilə ödənişlərin daimi mexanizminə ümid edirdilər.

Anonimlik şərti ilə Hindistan hökumətinin rəsmisi Reuters agentliyinə bildirib ki, ikitərəfli ticarətdə əhəmiyyətli disbalansı nəzərə alaraq, Moskva belə bir mexanizm nəticəsində onun illik 40 milyard dollardan çox rupi profisiti yaradacağına əmindir. Rusiya rupilərin bu qədər yığılmasını "arzuolunmaz” hesab edir”, - o, əlavə edib.

Hindistanın Maliyyə nazirliyi və Mərkəzi Bankı, eləcə də Rusiya hakimiyyət orqanları sorğuya operativ şərh verməyiblər.

Rupi tam konvertasiya edilə bilən valyuta deyil. Hindistan qlobal mal ixracının yalnız 2%-ni təşkil edir və bu, digər ölkələrin bu valyutanı saxlama ehtiyacını azaldır.

Hindistan 2022-ci ilin fevralında Moskvanın Ukraynada hərbi əməliyyatlara başlamasından qısa müddət sonra Rusiya ilə rupi hesablaşma mexanizmini araşdırmağa başlayıb, lakin rupi ilə əməliyyatlar barədə məlumat verilməyib. Ticarətin əsas hissəsi dollarla aparılır, lakin artan əməliyyat həcmi BƏƏ dirhəmi kimi digər valyutalarda aparılır.

Hər iki tərəf ticarətin yerli valyutalarla aparılmasının tərəfdarı olduğunu bildirib, lakin rəsmi olaraq heç bir sənəd imzalanmayıb.

Müzakirələrdə iştirak edən ikinci Hindistan hökumət rəsmisi bildirib ki, Rusiya üçün rupi saxlamaq və ödənişi Çin yuanı və ya digər valyutalarda almaqda israr etmək sərfəli deyil.

"Biz artıq rupi ilə hesablaşmaları məcbur etmək istəmirik, bu mexanizm sadəcə işləmir. Hindistan bunu düzəltmək üçün əlindən gələni etdi, amma kömək olmadı”, üçüncü mənbə bildirib.

Hindistan hökumət rəsmisi bildirib ki, Hindistan Rusiya mallarının idxalını 2022-ci il fevralın 24-dən 2023-cü il aprelin 5-dək artırıb, ticarət 10,6 milyard dollardan 51,3 milyard dollara yüksəlib.

Moskvanın endirimlə satdığı neft, həcmi 12 dəfə artaraq Hindistan idxalının əsas hissəsini təşkil edir. Eyni zamanda Hindistandan ixrac bir qədər azalaraq 3,61 milyard dollardan 3,43 milyard dollara düşüb.

Başqa bir hökumət rəsmisi, rupi ilə hesablaşma mexanizminin uğursuzluğundan sonra hər iki ölkənin alternativ həll yolları axtardığını söylədiy, lakin təfərrüatları açıqlamayıb.

Mənbələr bildiriblər ki, Rusiya ilə ticarət sanksiyalar və ödəniş problemlərinə baxmayaraq, davam edir.

"İndi biz bəzi ödənişləri dirhəm və bəzi digər valyutalarla edirik, lakin əksər əməliyyatlar hələ də dollarla aparılır. Hesablaşmalar müxtəlif üsullarla, həm də üçüncü ölkələrin vasisəti ilə həyata keçirilir”, - deyə rəsmilərdən biri bildirib.

"Rusiya ilə ticarət əməliyyatlarının tənzimlənməsi üçün üçüncü tərəflərdən istifadə olunur. SWIFT vasitəsilə başqa ölkələrlə əməliyyatlara qadağa yoxdur. Buna görə də üçüncü ölkələrə ödənişlər edilir, onlar da öz növbəsinə pulu köçürür və ya Rusiya ilə ticarəti kompensasiya edir”, – başqa bir məmur bildirib.
Ödənişlərin Çindən də keçib-keçmədiyini soruşduqda, rəsmi belə cavab verib: "Bəli, o cümlədən Çin vasitəsilə."

Nizami Bağırov