İdman 09:32 10.08.2022

İlqar Nadiri: “Onlar üçün 3-5 tullantı niyə bu qədər maraqlıdır, anlamıram” (MÜSAHİBƏ)

Təbii ki, "Kəpəz”in ev oyunlarını Gəncədən çox uzaqlarda, Mərdəkanda keçirməsi heç bir gəncəli azarkeşin ürəyincə deyil. Doğma azarkeşlər önündə oynamaması komandaya təsirsiz ötüşmür. Premyer Liqanın ilk turunda "Zirə”yə məğlub olan bölgə təmsilçisinin qəzalı şəraitdəki stadionunun nə zaman təmir ediləcəyi isə sual altındadır. 

Digər tərəfdən klubun büdcəsi hələ təsdiqlənməsə də, heyətə bir sıra yeni futbolçular, legionerlər gətirilib və onların məvacibinin necə ödəniləcəyi də sual doğururdu. Üstəlik əvəzedicilərin hansı stadionda oynayacağı da dəqiqləşməyib. 

Bütün bunlarla yanaşı, bir neçə gün öncə gəncəli futbol veteranlarından Firuz Qulami "Kəpəz” rəhbərliyindən, baş məşqçi Yaşar Vahabzadədən kəskin şəkildə narazılığını bildirmiş, hətta klub rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirmişdi. 

Qısası sual doğuran məqamlar çoxluq təşkil etdiyi üçün klubun icraçı direktoru İlqar Nadiri ilə danışdıq. "Kəpəz” rəsmisi Qaynarinfo-ya müsahibəsində bu məqamlarla bağlı suallarımızı cavablandırdı.

- "Kəpəz”in ilk oyununu izlədiniz? Komada necə təəssürat bağışladı?

- Komanda yeni formalaşıb. Bu haqda nəsə demək bir qədər tezdir. Yəqin ki, oynadıqca həm əskik, həm də güclü tərəflərini görəcəyik. 

- Oyundan sonra futbolçular, elə baş məşqçi özü də açıqlamışdı ki, bu qarşılşama Gəncədə keçirilsəydi, hesab fərqli olardı…

- Futbolda proqnoz vermək çətindir. Ola bilər oyunu Gəncədə keçirərdik, daha fərqli şəkildə uduza və ya qələbə qazanardıq. Hər halda ev oyunlarımızı Gəncədə keçirsək, azarkeşlərin qarşısında daha istəkli, həvəsli, yaxşı oyun göstərmək bizə asan, rəqib üçün isə çətin olar. Çünki səfərə gələcəklər, fərqli ab-hava, stadion görəcəklər. Bu da istər-istəməz rəqib üçün ikiqat çətinlik yaradar. Ona görə də baş məşqçilər, futbolçular düşünürlər ki, oyunlar Gəncədə keçirilsə, komandamız daha yaxşı futbol göstərər.

- Maraqlıdır, komandanın uzaq Mərdəkan əvəzinə, yaxın bölgələrdə, məsələn Şəmkirə göndərilməsi mümkün deyildi?

- Şəmkir və ya digər bölgələrlə bağlı çox sual verirlər. Biz də istəyərdik ki, komandamız ən azı yaxın rayonlarda oynasın. Təəssüf ki, standartlara cavab verən stadionumuz yoxdur. Gəncədə tribunalar standartlara cavab vermirsə, digər rayonlarda ot örtüyü, meydançanın ölçüləri eyni haldadır. Oyunların standartlara uyğun şəraitdə keçirilməsi Peşəkar Futbol Liqasının ən vacib tələblərindəndir. Hazırda Şəmkirdəki stadionun ot örtüyü oyun keçirmək üçün uyğun deyil. Biz o variantı da düşünmüşük. Əvvəlki illərdən fərqli indi tələblər başqadır. PFL tələbləri sərtləşdirib.

- Gəncədəki stadionun təmir edilməsi ilə bağlı hansısa fəaliyyətlər var? Azarkeşlər doğma komandalarını nə zaman Gəncədə görə biləcək?

- Bu, bir qədər çətin sual oldu. Sizə dəqiq vaxt deyə bilmərəm. Danışıq aparırıq və çıxış yolu tapmağa, məhdud sayda olsa da, azarkeş buraxılmasına çalışırıq. Amma bunun üçün Fövqəladə Hallar Nazirliyinin icazəsi lazımdır. İkinci variant da odur ki, stadion sökülüb, yenidən tikilməlidir. Bu gec ola bilər, amma belədə oyunları öz meydanımızda oynamaq, azarkeşlərin gəlməsini təmin etmək üçün imkan yaranar. Bu da bizdən asılı deyil. Yəqin məlumatınız var, biz orada sadəcə icarədarıq. Federasiya tərəfindən olduğumuz yerdə çox gözəl şərait yaradılıb. Akademiya, təbii örtüklü meydança tikilir. Klubun maddi imkanları yoxdur ki, stadionu söküb yenidən tiksin. Stadion Gənclər və İdman Nazirliyinin balansındadır.

- Nazirə stadionla bağlı müraciət etmisiniz və ya qarşıdakı günlərdə belə bir fikriniz var?

- AFFA-nın Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparması barədə məlumatım var. Nəticənin necə olacağını isə bilmirəm.

- "Kəpəz”in büdcəsi hələ təsdiqlənməsə də, bir sıra futbolçular transfer olundu, hətta legionerlər də alındı. Onların aylıq məvaciblərinin ödənilməsi ilə bağlı problem yarana bilər?

- Legionerləri müəyyən məsləhətləşmələrdən sonra riskləri gözə alıb dəvət etmişik ki, sonra onların məvaciblərini ödəmkdə çətinlik yaşamayaq. İnanırıq ki, büdcə təsdiqlənəcək, yaxın günlərdə ödənişlər olunacaq və bunlar hamısı öz yerini tapacaq. Digər klublar kimi biz də sponsor axtarırıq. Bu, klubumuzun başlıca startegiyasından biridir. Şəxsən bu gün (dünən-red.) şirkətlərdən biri ilə görüşəcəyəm. Sponsor məsələləri ilə bağlı mütəmadi olaraq görüşlərdə şəxsən özüm iştirak edirəm. Ancaq heç bir geridönüş olmur. Təkcə bizim klubu deməzdim, sponsorlar digərlərinə də maraq göstərmir. Hələ ki, belədir, bəlkə növbəti günlərdə, aylarda nələrsə dəyişə bilər. 

- Futbolun İnkişaf Fondu "Turan Tovuz” üçün xeyli işlər görür. Onlara dəstək, avtobus almaq üçün sayt açdılar, nümayəndələr dəfələrlə Tovuza gedib-gəldilər. Düzdür, Gəncəyə də səfər etmişdilər. Ancaq "Kəpəz”ə hələ ki "Turan Tovuz” qədər dəstək yoxdur. Bununla bağlı hər hansı narahatlıq keçirmirsiniz?

- Narahatlıq yaratmır, Fubolun İnkişaf Fondunun əməkdaşları ilə bir neçə dəfə görüşmüşük. "Turan Tovuz”da hər şey, stadionları, akademiyaları, infrastrukturları hazırdır. Orada hər hansı iş görmək, nəsə layihə hazırlamaq daha rahatdır. Ən azı mövsümlük biletlər satışa çıxardılar. Oyuna bilet satışı həyata keçirirlər. Hələ bir neçə gün öncə müəyyənləşdi ki, "Kəpəz” ev oyunlarını Gəncədə keçirə bilməyəcək, stadiona azarkeş buraxılmayacaq. Digər problemlər ortaya çıxıb. "Kəpəz”in ev oyunlarını harada keçirəcəyi dəqiqləşməyib. Başa düşüləndir, buna görə Futbolun İnkişaf Fondu bizimlə əməkdaşlıq etməkdə çətinlik çəkir. Mən belə başa düşürəm. Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klublar arasında ən çətin durumda olan "Kəpəz”dir. Hər klubun bazası, stadionu var. "Kəpəz”in isə bu gün ev oyununu keçirməyə belə stadionu yoxdur. İndi hər oyun səfərə getməyi düşünsək, bu nə qədər asan ola bilər? Həm ikiqat xərcdir, həm də kubok oyunlarını nəzərə alsaq, 36 turluq çempionatda sıx qrafiklə oynayacağıq. Üstəlik Bakıda stadionları kirayə götürməliyik. Yol və otel xərcləri var. Bunlar hamısı yeni formalaşdırılmış komanda üçün ağır "yükdür”.

- Heç olmasa oyunlar zamanı azarkeşlər üçün avtobuslar ayrılması nəzərdə tutulub?

- İlk oyunda azarkeşlərin müraciətindən sonra avtobus təşkil etmişdik. Çalışacağıq ki, bunu davam edirək. Hamısı maddi imkanlara bağlıdır. İstərdik ki, azarkeşlərin hamısını nəqliyyatla təmin edək, oyunları Gəncədə keçirək. Bilet satışı olsun və müəyyən qədər gəlir əldə edək. Təəssüf ki, həm səfər oyunları zamanı xərcimiz çox olur, həm də gəlir əldə edə bilmirik. Bunlar mövsüm ərzində bizə çox çətinlik yaradacaq.

- Xeyli müddətdir Gəncə Futbol Veteranları Birliyinin üzvləri klubdakı idarəçilikdən, o cümlədən baş məşqçidən narazılıq edirlər. Premyer Liqada komandanı yeni baş məşqçi ilə görmək istəyirdilər. Onlarla görüşmək planlarınız var?

- Onlar veteran futbolçular ola bilər. Amma "Gəncə Futbol Veteranları Birliyi” adında, haradasa rəsmi şəkildə qeydiyyatdan keçmiş birlik tanımıram. Bildiyimə görə qeydiyyatlı qurum deyil. "Kəpəz” veteranlarının əksəriyyəti elə klubda işləyir. Onların fikirlərinə gəlincə, bu, şəxsi düşüncələridir. Onların fikirlərinə hörmətlə yanaşırıq. Həm azarkeş, həm də veterandırlar. Onlara xüsusi deyəcək sözümüz yoxdur. Hər halda istəyərlər ki, komanda yaxşı nəticə versin. Bəziləri mənfi fikirlər bildirirlər. Belə hallar həmişə futbolda olub, olacaq. Belə fikirlərə fokuslanıb işimizi yubatmaq, həvəsdən düşmək niyyətində deyilik.   

- Həmin veteranlardan Firuz Qulami bir neçə gün öncə bizə açıqlamasında sizinlə və baş məşqçi ilə bağlı sərt fikirlər səsləndirmişdi. Klub rəhbərliyinin 10 tona yaxın qatar relsini Gəncə Şəhər İdman Komitəsinin rəhbəri Həmid Nəsirovla birlikdə satdığını demişdi. Ümumiyyətlə bu rels məsələsinə aydınlıq gətirməyinizi istərdik?

- Bunlar heç bir əsası olmayan, yalan məlumatlardır. Hansısa dəmirlərin, relslərin satılması nə klubumuza, nə də digər əməkdaşlarımıza maraqlıdır. Gəncə şəhərində "dyadya” Kosta deyilən, Konstantin Abramenkonun stadionu AFFA tərəfindən təmir olundu. Həmin stadionda görülən işlərin hamısını AFFA öz üzərinə götürmüşdü. Oradan çıxan köhnə tullantılar, materiallar vardı ki, federasiya həmin dəmirləri bir yerə cəmləyib Gəncə şəhər stadionu üçün saxlanılmasına qərar verdi. Bunlar hamısı podratçı şirkət, işə nəzarət edən tərəf və AFFA vasitəsilə rəsmi şəkildə sənədləşdirildi, aktlar bağlanıldı. Yəni bunlar balaca bir şey deyil ki, götürüb yox edəsən. 

Oranı təmir edən AFFA-dır. Bunun kluba aidiyyatı yoxdur. Sadəcə, həmin relslərin Gəncə şəhər stadionunun bir kənarında saxlanc kimi qalmasına qərar verildi. Daha sonra Gəncə Şəhər Gənclər və İdman İdarəsinin nəzarətinə verildi. Gəncədə tikilən yeni stadionun işıqlandırılması məsələsi var idi. Müraciət olunmuşdu ki, oraya işıq çəkilsin və əldə olunan vəsait uşaq futboluna sərf edilsin. Veteranlar təşəkkür etməlidirlər ki, AFFA tərəfindən stadion tikildi və hazır şəkildə təhvil verildi. Onlar üçün 3-5 tullantı niyə bu qədər maraqlıdır, anlamıram. Çox əsassız şəkildə iddia qaldırırlar. Onlar qərar verə bilməzlər ki, dəmirləri satıb, Kostyanın məzarının üstünü düzəltdirsinlər. Çünki stadionu AFFA tikib. Özləri tiksəydilər, nəyisə satmağa qərar verə bilərdilər. Bunun üçün şirkət, rəhbərlik var. Qərarı da AFFA və həmin şirkət verir. 

Məzarın üstünü düzlətmək üçün veteran kimi birləşib kluba müraciət edə bilərlər. "Dəmirləri satıb, nəsə etmək” düzgün səslənmir. O dəmirlər ancaq stadiona sərf edilə bilərdi. Stadionun işıqlandırılması, uşaqların toplarla və müxtəlif invertarlarla təminatı üçün müraciət olundu və federasiya tərəfindən buna razılıq verildi. Gənclər və İdman İdarəsinin nəzarəti altında bu işlər görülüb. İnandırım sizi veteranlar vaxtında müraciət etsəydi, həmin relslərdən yararlana bilərdilər. Təəssüflər olsun ki, düzgün yanaşma göstərmədilər və dəmirlər də digər stadionda istifadə olundu.

- "Kəpəz”in əvəzediciləri hansı stadionda oynayacaq?

- Süni meydança var, hansı ki, standartlara cavab verir. Orada bir neçə dəfə yoxlama oyunları keçirmişik. Xırda məsələlər var, onları həll edə bilsək, əvəzedicilərin oyunlarını həmin stadionda keçirməyi planlaşdırırıq. Lakin hazırda əsas komandanın stadion məsələsini həll etməyə çalışırıq. Vaxt az olduğu üçün AFFA-dan xahiş edib ilk oyunu Mərdəkanda keçirdik. Bunun pis tərəfi odur ki, çox uzaqdır. Ancaq standartlara tam uyğundur. Yenə də çalışırıq ki, yaxın yerlərdə oynayaq. PFL-ə müraciət etmişik, əvəzedicilərimizin hansı stadionda oynamasına qərar verəcəklər. Bizdən olsa öz stadionumuzda oynayarıq. 

Səbuhi Həsənov