Siyasət 12:32 04.04.2023

İqbal Ağazadə: "Partiyaların birləşməsi siyasi oyunbazlığa bənzəyir"

"Ümid Partiyasına birləşmək üçün heç bir partiya müraciət etməyib. Düşünmürəm də ki, hansısa bir partiya bizə birləşmək üçün müraciət etsin”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Sədr bildirib ki, adamlar partiyaları fərqli-fərqli fərdlərlə, yollarla yaradıblar:
 
"Ona görə də partiyaların birləşməsi deyəndə mənə çatmır. Partiyalar koalisiyada birləşə bilər. Mən partiyaların birləşməsini siyasi məntiqdən uzaq hesab edirəm. Amma yenə də kim kiminlə birləşirsə, nə deyə bilərəm, xeyirli olsun”. 

Partiya sədrinin sözlərinə görə, heç bir partiyanın nizamnaməsində kollketiv üzvlük yoxdur:
 
"Fərdi üzvlük var. Ona görə də biləşmə məsələsini müzakirə edənlər bir şeyi bilməlidirlər ki, heç kim partiyanın üzvlərinin əvəzindən qərar verə bilməz. Hər kəs fərdi qərar verə bilər. Çünki hər kəs fərdi qaydada partiyaya üzv olub. Bütün nizamnamələr kollektiv üzvlüyü rədd edir. Bəlkə kimsə hansı partiyaya birləşmək istəmir. Hər kəsin fərdi ərizəsi olmalıdır”. 

İqbal Ağazadə hesab edir ki, partiyaların birləşməsi siyasi oyunbazlığa bənzəyir:
 
"Partiya başqa təşkilatla birləşə bilməz, buraxıla bilər və sonra sədr, üzvləri də ərizə yazıb digər partiyaya üzv ola bilər”. 

Sədr deyib ki, ölkədə siyasi mühitin canlanması üçün yeganə yol Konistitusiyaya ediləcək dəyişikliklərdən keçir: 

"Proporsional seçki sisteminin bərpası, o cümlədən də seçki qanunvericiliyində dəyişiklik etmək lazımdır. Onda siyasi partiyalara cəmiyyətdə yer olacaq və dini qruplar ölkədə at oynatmayacaq”. 

Bahar Rüstəmli