Dünya 15:15 29.03.2023

İqtidar-müxalifət danışıqları etiraz aksiyalarını dayandırmayacaq - İsraildə vəziyyət

İsrailin Baş naziri Benyamin Netanyahunun parlament müxalifəti ilə məsləhətləşmələrə qədər hüquqi islahatları dayandıracağına dair vədinə baxmayaraq, ictimai hərəkatlar etirazlarını davam etdirirlər. Onlar hökumətə inanmadıqlarını deyirlər. Milli Qvardiyanın ən radikal İsrail siyasətçilərindən birinə tabe edilməsi məsələsi xüsusi narahatlıq doğurur. Buna baxmayaraq, hökumətin süqutu və ya ciddi vətəndaş qarşıdurması ilə başa çata biləcək böhranın kəskin mərhələsi arxada qalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.
 
Çərşənbə axşamı İsrail prezidenti İsax Hersoqun iqamətgahında hakim koalisiya nümayəndələri ilə müxalifət partiyaları arasında danışıqlar başlayıb. Onların məqsədi hüquq sistemində islahatlara dair milli konsensusa nail olmaqdır.

İsrail Həmkarlar İttifaqları Federasiyasının (Histadrut) çağırdığı kütləvi nümayişlər və ümumi tətil ərəfəsində Baş nazir Benyamin Netanyahu hakim koalisiyanın son üç ayda təşviq etdiyi hüquq sistemində islahatların dayandırıldığını elan edib. Qanunvericiliyə planlaşdırılan dəyişikliklər cəmiyyətin əhəmiyyətli hissəsinin narazılığına səbəb olub. İslahat nəticəsində məhkəmənin müstəqilliyini itirəcəyi ilə bağlı qorxular var. O cümlədən, hakim koalisiya hakimlərin seçimi komissiyasına nəzarəti ələ keçirə bilər. İslahatın bu hissəsi ən mübahisəlidir. Baş nazir bu həftə üçün nəzərdə tutulan bu və bəzi digər qanun layihələrinin ikinci və üçüncü oxunuşlarının təxirə salınacağını vəd edib.
Hələlik israillilərin mümkün kompromisə inamları azdır.

Əvvəla, koalisiya daxilində böyük parçalanma var. Bəziləri müxalifətlə güzəştə getməyə hazırdır, bəziləri isə öz mövqeyində dayanmaq niyyətindədir. Sonuncular arasında ifrat sağçı "Otsma yehudit” və "Dini düşərgə” partiyalarının liderləri, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç də var. Netanyahunun çıxışından sonra Maliyyə Nazirliyinin rəhbəri bazar ertəsi axşam Qüdsdə hökuməti dəstəkləmək üçün nümayişə gələn çox sayda insana istinad edərək, onu nə olursa-olsun islahatları davam etdirməyə çağırıb. Xatırladaq ki, bir gün əvvəl Qüdsdə və İsrailin digər şəhərlərində islahatların lehinə və əleyhinə minlərlə insanı əhatə edən etiraz aksiyası keçirilib. 

İslahat əleyhdarlarının sıralarında da birlik yoxdur. Netanyahunun bəyanatından sonra parlament müxalifəti danışıqlara razılıq verdi, Histadrut və bəzi digər həmkarlar ittifaqları tətili ləğv etdi. Xüsusilə ehtiyatda olan hərbçilər könüllü xidmətə qayıtdıqlarını elan etdilər. "Biz, əksər insanlar kimi, geniş razılaşma əldə etmək üçün real niyyətin olduğuna inanmırıq. Biz yalnız hərəkətlərə inanırıq”, - deyə ehtiyatda olanların "Silah qardaşları” birliyinin bəyanatında deyilir. Eyni zamanda, ehtiyatda olanlar "danışıqlar prosesinə şans vermək qərarına gəldilər”, lakin etirazların davam etdirilməsinə hazırlaşacaqlarına söz verdilər. Bununla belə, dayanmamaq qərarına gələnlər də var. Etiraz hərəkatları birliyinin qərargahı aksiyaların davam etdiriləcəyini bildirib. Çoxları hesab edir ki, parlamentdə aprelin sonuna qədər davam edəcək fasilədən sonra koalisiya əvvəlki planına qayıdacaq və islahatları davam etdirəcək.

Bu qorxular öz təsdiqini tapdı. Çərşənbə axşamı məlum oldu ki, parlamentin qanunvericilik komitəsi (Konstitusiya komitəsi) ikinci və üçüncü oxunuşları üçün hakimlərin seçki komissiyanın tərkibinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

Qanun layihəsinin Knessetin katibliyinə təqdim edilməsi o deməkdir ki, o, istənilən vaxt 48 saat ərzində təsdiqlənə bilər. Bu, müxalifət partiyaları arasında şok yaradıb. Belə ki, "Evimiz İsraildir” partiyasının lideri Aviqdor Liberman müxalifət liderləri Yair Lapid və Benni Qantsı danışıqlar komandasını geri çəkməyə çağırıb. Amma bu baş vermədi. Tərəflər danışıqların uğursuzluğuna görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Üstəlik, müxalifət liderlərinin hər biri yaranmış vəziyyətdən istifadə edərək öz reytinqini artırır. Belə ki, N12 xəbər xidmətinin sifarişi ilə keçirilən son ictimai rəy sorğusuna əsasən, son həftələrdə koalisiya ilə təmasların tərəfdarı olan keçmiş müdafiə naziri Benni Qantsın partiyası hazırda müxalifət daxilində liderdir, keçmiş baş nazir və xarici işlər naziri Yair Lapid bir qədər geridəddir. Bununla belə, bir çox etirazçı "Kommersant”a öz hüquqları uğrunda mübarizədə "nə Lapidə, nə Qantsa, nə də başqa heç kimə” etibar etməyəcəklərini söyləyirlər. Odur ki, başqa sual sistemli müxalifətin gələcəkdə səs itirməməsi üçün hansı siyasətin faydalı olmasıdır.

Çərşənbə axşamı Təl-Əvivdə "Sükut marşı” baş tutub. Onun təşkilatçıları bildiriblər ki, yürüş dövlətin xalqı susdurmaq niyyətini simvollaşdırır. Aksiyanın simvolu ağızları bağlamış ağ maskalar olub. Aksiyaya peşəkar birliklərin nümayəndələri (məsələn, həkimlər) və sadəcə müxtəlif fikirlərə sahib olan insanlar gəlib. Onların hamısını islahatın davam etdiriləcəyi qorxusu, eləcə də hakimiyyətdən ümumi narazılıq birləşdirir. "Mən Netanyahuya inanmıram, amma məni ən çox qorxudan onun Milli Qvardiyanı Ben Qvirə təhvil verməsidir", - nümayişlərdə iştirak edənlərdən biri "Kommersant"ın müxbirinə deyib. Məlum olub ki, o, doqquz il əvvəl Rusiyadan İsrailə gəlib. "Bütün qvardiyaların sonunun necə olduğunu və nə etdiklərini bilirik. Heç bir illüziya yoxdur” - etirazçı deyir. Çərşənbə günü Hayfa, Qüds, Təl-Əviv və Rehovotda "Ben Qvir Milli Qvardiyasına yox” şüarı altında xüsusi etiraz aksiyaları planlaşdırılır.

Məsələ burasındadır ki, bir gün əvvəl İsrail mediası belə bir xəbər yayıb: Netanyahu Baş nazirin islahatları dayandırmaq qərarından sonra "Otsma yehudit”in hakim koalisiyadan çıxmamaq vədi müqabilində Milli Qvardiyanı İtamar Ben-Qvirə təhvil verəcəyini vəd edib.

Sərhəd mühafizəsinə (MAGAV) tabe olan Milli Qvardiyanın yaradılması hələ 2022-ci ilin iyununda elan edilib. "Bununla bağlı qərar 2021-ci ildə, qarışıq əhalinin yaşadığı şəhərlərdə ərəb iğtişaşlarından sonra qəbul edilib. Həmin vaxt polis tez bir zamanda asayişi bərpa etmək üçün kifayət qədər bacarıq göstərmədi"? - deyə israilli hərbi ekspert David Gendelman Kommersant-a izah edir. "Milli Qvardiya yerdə çevik reaksiya və möhkəmləndirmə qüvvəsi kimi yaradılıb. Lakin onun bölmələri, ilk növbədə, büdcə çatışmazlığı səbəbindən hələ lazımi sayda çatmayıb, buna görə də böyük ölçüdə hələ də kağız üzərində mövcuddur" deyə Gendelman əlavə edib. O, həmçinin xatırladıb ki, koalisiya sazişləri çərçivəsində İtamar Ben-Qvir büdcənin artırılmasını və Milli Qvardiyanın yaradılması prosesini başa çatdırmağı tələb edib. "Koalisiya müqavilələrinə əsasən, bütün Sərhəd mühafizəsi polisin tabeliyindən çıxarılmalı və birbaşa milli təhlükəsizlik nazirinin tabeliyinə verilməlidir. Lakin bu baş vermədi, çünki polis belə bir səlahiyyət ötürülməsinə qəti şəkildə qarşıdır" deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, çoxları qorxur ki, Milli Qvardiya İtamar Ben-Qvirin əlinə keçərsə, onu özünün ifrat sağçıların şəxsi polisinə çevirəcək və bu, hazırda əsas problemdir.

Beləliklə, İsrail cəmiyyətində - həm yuxarıda, həm də aşağıda mübahisələr davam edəcək. Amma Benyamin Netanyahu hələlik rahatlaya bilər. Koalisiyanın dağılması baş vermədi, bir aydan sonra nə olacağı da bilinmir.

Nizami Bağırov