Dünya 13:42 26.05.2022

İran prezidentinin Azərbaycan mesajı: Tehran niyə narahatdır?

Xəbər verdiyimiz kimi İran prezidenti İbrahim Rəisi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevi bu günlərdə Tehranda qəbul edib. Prezident Rəisi bəyan edib ki, Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır. 

Bakının təhlükəsizliyi ilə bağlı səslənən bəyanat dünya mediasının xüsusi diqqətini çəkib. İran prezidentinin sözügedən bəyanatında söhbət nədən gedir? İslam İslam Respublikası bu bəyanatı ilə Bakıya hansı mesajları verib?

Qaynarinfo-ya açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Rəisi sözügedən açıqlaması ilə onu demək istəyib ki, İran ərazisində sabitlik pozularsa, bu, Azərbaycanın da xeyrinə olmayacaq. Belə ki, qanunsuz silahlı qüvvələr, cinayətkar dəstələr bölgənin təhlükəsizliyini təhdid altında qoya bilər və Bakı da prosesdən zərərlə çıxa bilər:

"Azərbaycan İranla quru və su sərhədinə malikdir. Bu baxımdan, hesab edirəm ki, ölkəmizə ən çox təhlükə məhz cənubdan gələ bilər.Ona görə də Bakı üçün cənub sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Fikir verin, az qala hər gün rəsmi məlumat yayılır ki, İrandan Azərbaycana qaçaq yolu ilə narkotik maddələr keçirilir. Bunun özü İrandan gələn təhlükənin miqyasının göstəricisidir. İran ərazisində sabitlik pozularsa, qanunsuz silahlı qüvvələr tam nəzarətdən çıxa bilər. Bu zaman başıpozuq dəstələrin Azərbaycanı təhdid etməsi ehtimalı düşündüyümüzdən daha böyük ola bilər”.

Həmsöhbətimiz qeyd edir ki, bu mənada İranda sabitliyin, firavanlığın, təhlükəsiz həyatın olması Azərbaycanın maraqlarına cavab verir: 

"Görünür, İran prezidenti də məhz bu məqamlara görə, Azərbaycanın təhlükəsizliyinin digər dövlətlərdən daha çox İrandan asılı olduğunu söyləyib. Lakin İranın da təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. İki ölkə bir biri ilə mehrban qonşuluqda maraqlı olmalıdır. Tehranda da anlayırlar ki, Azərbaycanda sabitliyin hökm sürməsi İslam Respublikasının maraqlarına cavab verir. Əgər ölkəmizdə xaos yaşansaydı, terroçu dəstələr mövcud olsaydı, qonşu ölkə üçün ciddi problem yarana bilərdi. Xatırlayırsınızsa, Birinci Qarabağ savaşı zamanı azərbaycanlı qaçqınlar İran ərazisinə keçməyə məcbur olmuşdular. İran bundan narahat olmuşdu. Hər iki ölkədə sabitliyin mövcud olması qarşılıqlı maraqlara cavab verir”.

Ekspert onu da vurğuladı ki, İran 44 günlük müharibə zamanı açıq şəkildə narahatlığını bəyan edirdi. Bu da anlaşılandır:

"Savaş zamanı Ermənistanın Azərbaycana atdığı bir çox mərmilər İran ərazisinə düşürdü. Əlbəttə ki, heç bir dövlət bunu sakitlik qarşılaya bilməzdi. Hər bir dövlət qonşuluğunda sülhün olmasını arzulayır. İran da öz sərhədində sabitliyin pozulmasını istəmir”. 

Rüfət Sultan