Dünya 15:49 15.03.2024

İran Rusiyadan casusluq üçün hava şarları alır - KİV

İran Rusiyadan casusluq üçün istifadə oluna bilən hava şarları alır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza" nəşri haker qruplarının internetə sızan məlumatlarını təhlil edərək yazıb.

Qeyd olunur ki, İran rejiminə qarşı çıxan "Prana Network" qrupunun hakerləri yerli "Sahara Thunder" şirkətinin poçt xidmətlərinin şəbəkəsinə sızdırıblar. Sızdırılan məlumatlar Tehran və Moskva arasında hərbi texnologiya mübadiləsinin təfərrüatlarını təsvir edir. "Meduza" nəşri arxivi təhlil edərək müəyyən edib ki, İran ABŞ səmasında vurulan Çin şarlarına bənzər casus şarlarını Rusiyadan alır.

Qeyd olunur ki, nəşr İranın "Sahara Thunder" şirkəti ilə Rusiyanın avadanlıq ixracı ilə məşğul olan "Vneştexsnab" şirkəti arasında elektron yazışmalar aşkar edib. Məktublarda məhsulların Dolqoprudnıy Avtomatlaşdırma Konstruktor Bürosundan İrana çatdırılması nəzərdə tutulur. Qeyd edilir ki, büro dirijablların, hava şarlarının və xüsusi təyinatlı sistemlərin yaradılması ilə məşğuldur.

"Tərəflərin nümayəndələri 2022-ci il noyabrın 11-də yazışmalara başlayıblar. Rusiyanın "Vneştexsnab"ın rəhbərliyi bildirib ki, artıq onlarla avadanlığın, o cümlədən hava şarının hava stansiyası, təzyiq klapanı, balon siqnal işığı, idarəetmə paneli və s.-nin tədarükü üçün icazələrin alınması proseduru ilə məşğuldur. Bütün bu hissələr pilotsuz dirijabl və ya hava şarının avadanlıqlarını təmsil edir. Konstruktor bürosu özü qeyd edir ki, belə qurğular real vaxt rejimində akvatoriyalarda, sərhədlərin yaxınlığında, yollarda, yaşayış məntəqələrində, eləcə də tədbirlərdə vəziyyətə nəzarət edə bilir", deyə araşdırmada bildirilir.

Qeyd olunur ki, məktublarda Rusiya tərəfi koronavirus pandemiyası səbəbindən tədarüklərin gecikdiyini bildirib. Lakin 2022-ci ilin mayında yazışmalar bərpa olunub. İran yenidən Rusiya şirkətindən məhsul almaq istəyib, lakin bu dəfə söhbət avadanlıqların təmirindən gedir.

Bütün şarlar və komponentlər, sızan məktublarla sübut olunduğu kimi, dəniz yolu ilə göndərilib. Bu, nəqliyyatı asanlaşdırıb, çünki gəmilər izləyiciləri söndürə bilər.

Rusiyanın "Vneştexsnab"ın rəhbəri "Meduza"ya açıqlamasında İranın "Demavend" layihəsi ilə hələ tanış olmadığını izah edib. Amma o, şarların müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini istisna etməyib.

Aydın