Dünya 18:56 01.12.2022

İran Rusiyanı silahlandırır, nüvə silahına doğru addımlayır: ABŞ hərbi müdaxilə edəcəkmi?

"ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsini hərbi yolla həll etməyə hazırdır”. Bunu "Foreign Policy” jurnalının təşkil etdiyi onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranarsa, son çarə kimi hərbi üsulla həll yoluna razılaşacağını bildirib. Robert Malli qeyd edib ki, hazırda buna ehtiyac yoxdur.

Qeyd edək ki, son dövrlər İran öz hərəkətlərilə bölgədə gərginliyin daha da artmasına rəvac verir. İran bir tərəfdən Ukraynaya qarşı müharibə aparan Rusiyaya silah verməkdə davam edir, digər tərəfdən isə nüvə silahı yaratmaq niyyətindən vaz keçmir. Mütəxəssislərin rəyinə görə, İran artıq bir ədəd nüvə silahı istehsal etməyə imkan verən komponentlərə malikdir. Bütün bunlar ABŞ və İsrail başda olmaqla Qərbi narahat edir. Onlar bütün vasitələrlə bəyan edirlər ki, İranın "qırmızı xətti” keçməsinə heç bir halda imkan verməyəcəklər. 

Onu da qeyd edək ki, son aylar İranda mövcud rejimə qarşı güclü etiraz dalğasına start verilib. Rejim represiyalarla onun qarşısını almağa çalışsa da, etiraz aksiyaları hələ ki, güclənməkdə davam edir. Qərb də öz növbəsində insan haqlarını əsas tutaraq, İranda hərəkətə keçən etirazçılara ən azından mənəvi dəstək verir. Bütün bu olaylar ondan xəbər verir ki, ABŞ İran hakimiyyətini ram etməkdə israrlıdır. Bu fonda ABŞ Prezidenti Co Bayden də bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi yola əl atmağa hazırdır. 

Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İrana beynəlxalq müdaxilə qaçılmazdır: 
 


"Baydenin İranla bağlı bu açıqlaması ilə yanaşı, ABŞ bu günlərdə İsraillə birgə hərbi təlimlər də keçirib. İsrailin yanaşmasına görə, İranla müharibə qaçılmazdır. Bu səbəbdən İsrail bir tərəfdən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirir, digər tərəfdən isə Livan, Fələstin və Suriyadakı iranpərəst qruplaşmalara qarşı qabaqlayıcı addımlar atmağı düşünür. İranın Ali liderinin ölkə daxilində baş verən hadislər fonunda ABŞ və İsraili hədəf göstərməsi də onu göstərir ki, Tehran da bu barədə məlumatlıdır. Onlar da real təhlükənin haradan gələcəyinin fərqindədirlər. ABŞ Prezidenti tərəfindən belə bir bəyanatın verilməsi artıq İranla gözlənilən müharibə ilə bağlı verilən daha aydın siqnaldır. 

Həm ABŞ rəsmiləri və diplomatlarının bəyanatı, həm də İran daxilindəki hadisələrin miqyasının genişlənməsi, insanların rejimin sialhlı qüvvələri tərəfindən şəhid edilməsi faktları onu göstərir ki, cənub ölkəsinə beynəlxalq müdaxilə qaçılmazdır. Amma onun hansı formada baş verəcəyini indidən söyləmək olmaz. Bu qonşu ölkələrdən birilə İranın münaqişəyə cəlb edilməsi, ölkə daxilində vətəndaş müharibəsinin alovlanması, yoxsa ölkədə əzilən xalqların hüquqlarının müdafiəsi istiqamətində koalision formada addım atmaqla baş verə bilər. Lakin İrana hərbi müdaxilənin formasından asılı olmayaraq, artıq an məsələsidir. Bu hadisə indi də baş verə, bir müddət vaxt da apara bilər”. 

Rüfət Sultan