Xəbər lenti

İran Rusiyaya 3 milyard dollarlıq raket satıb -
Dünya 15:10 13.01.2026

İran Rusiyaya 3 milyard dollarlıq raket satıb - "Bloomberg"

İran, hələ Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl Rusiya ilə təxminən 2,7 milyard dollar dəyərində raket silahlarının tədarükü üçün müqavilələr bağlayıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyinə adının açıqlanmasını istəməyən Qərb təhlükəsizlik rəsmisi bildirib.

Onun sözlərinə görə, razılaşmalar 2021-ci ilin oktyabrından — müharibənin başlamasından bir neçə ay əvvəl imzalanmağa başlayıb. Bu müqavilələr ballistik raketlərin və "yer-hava" tipli raketlərin tədarükünü nəzərdə tuturdu.

Satınalmalara aşağıdakılar daxil idi:

Yüzlərlə "Fath-360” qısamüddətli ballistik raketi;
500-ə yaxın digər qısamüddətli ballistik raket;
Hava hücumundan müdafiə sistemləri ilə əlaqəli təxminən 200 "yer-hava" raketi.

Bundan əlavə, İran Rusiyaya milyonlarla döyüş sursatı və artilleriya mərmisi tədarük edib, həmçinin "Shahed-136" kamikadze dronlarını və onların Rusiya ərazisində "Geran-2" adı altında istehsalı üçün texnologiyaları ötürüb. 2023-cü ilin əvvəlində imzalanan dron müqaviləsinin dəyəri 1,75 milyard dollar qiymətləndirilir.

Ümumilikdə, Qərb mənbələrinin qiymətləndirməsinə görə, 2021-ci ilin sonundan bəri Rusiya İranın hərbi texnikasına 4 milyard dollardan çox vəsait xərcləyib.
Rusiya və İranın yaxınlaşması, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kəskin şəkildə aktivləşib. Bu müdaxilə Qərbin Moskvaya qarşı genişmiqyaslı sanksiyalarına və Soyuq müharibədən bəri ən kəskin qarşıdurmaya səbəb olub. İran silahlarının tədarükü bu tərəfdaşlığın dərinləşməsində əsas amillərdən birinə çevrilib.

Nüvə proqramı və daxili etirazların yatırılması səbəbindən illərdir sanksiyalar altında olan İran, beynəlxalq təcriddən qorxaraq hələ 2010-cu illərdən Rusiya ilə əməkdaşlığı genişləndirməyə çalışırdı.

2025-ci ilin yanvarında ölkələr strateji tərəfdaşlıq haqqında saziş imzaladılar, lakin bu saziş qarşılıqlı müdafiəni nəzərdə tutmur. Eyni zamanda, Moskva keçən il İsrail və ABŞ-ın İrana endirdiyi zərbələr zamanı Tehrana əhəmiyyətli kömək göstərməyib.

Rusiya Müdafiə Nazirliyi və İran Xarici İşlər Nazirliyi operativ şərh verməyib. Hazırda İranda internet rabitəsinə sərt məhdudiyyətlər qoyulub və elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb.

Paralel olaraq, Rusiya və İran Xəzər və Hindistan vasitəsilə ticarət dəhlizi yaratmaq üzərində işləyir, həmçinin sanksiyalardan yan keçmək məqsədilə maliyyə və bank əməkdaşlığının gücləndirilməsini müzakirə edirlər.

UNİAN-ın xəbər verdiyi kimi, dinc şəhərlər üzərində düşmən dronlarını vuran Ukrayna müdafiəçiləri digərlərindən fərqlənən silah aşkar ediblər. Söhbət müasir kameraya, süni intellekt əsaslı hesablama platformasına və operatorun Rusiyadan onu uzaqdan idarə etməsinə imkan verən radiokanala malik yeni "Shahed"dən gedir.

Ukraynada aşkar edilən sonuncu pilotsuz aparatdakı "anti-qluşilka" (siqnal kəsiciyə qarşı sistem) yeni İran texnologiyasına malikdir. Belə dronların digər komponentləri isə adətən Rusiya, Çin və Qərb mənşəlidir.

Alpər
--> -->