Dünya 14:13 31.07.2022

İranda daşqın nəticəsində ölənlərin sayı 69-a çatdı

İranın Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatının Texniki məsələlər üzrə sədr müavini Nəcad Cahani bildirib ki, son sel daşqınlarında ölənlərin sayı 69 nəfərə çatıb.

Qaynarinfo bu baradə DW-nin fars bölməsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, indiyədək daşqınlar nəticəsində 69 nəfər həyatını itirib. Ölənlərdən 6-sı, itkin düşən 45 nəfərdən isə 3-ü, həmçinin xəsarət alan 39 nəfərdən 3-ü İraq vətəndaşıdır.

Nəcad Cahani 39 nəfərin itkin düşdüyünü və bu səbəbdən ölənlərin sayının arta biləcəyini qeyd edib. Daşqınlar zamanı ən çox təlafat və dağıntı Tehran vilayətində olub. Tehrandan sonra Kerman, Yəzd, Mazandaran, Mərkəzi, Sistan Bəlucistan və Lorestan əyalətləri gəlir.

Nəcad Cahani bildirib ki, hazırda İranın 31 vilayətinin 24-də sel və daşqın təhlükəsi var.

İran rəsmisi həmçinin qeyd edib ki, təbii fəlakət nəticəsində 20 min evə ziyan dəyib. Onlardan 13 mininin təmirə ehtiyacı var, qalan 7 min ev isə yenidən tikiləməlidir.

Nəcad Cahaninin sözlərinə görə, kənd təsərrüfatına ümumilkdə ən azı 200 milyon dollar ziyan dəyib.

M.Arif