Dünya 16:53 22.09.2022

İranda internet kəsilib, hökumət repressiyalara başlayıb - Tehran sakini danışır

"İranda internet kəsilib. Hökumət qüvvələri repressiyalara başlayıb. Polis bölmələrində yüzlərlə etirazçı saxlanılır". 

Bu barədə Qaynarinfo-ya İranın paytaxtı Tehran sakini Əli Rza bildirib. Onun sözlərinə görə, polis etirazçılarla qəddarlıqla rəftar edir. 

"İnsanları döyürlər, öldürürlər. Vəziyyət çox pisdir. İnternet yoxdur. Xalq informasiya blokadasındadır”, deyə Tehran sakini əlavə edib.

O qeyd edib ki, repressiyalara və zorakılığa baxmayaraq, aksiyalar davam edir. İnsanlar küçələrdən yığışmır. 

Bu arada Gürcüstanda İran rejimi əleyhinə aksiyalar keçirilib. Aksiyaları Gürcüstandakı İran vətəndaşları təşkil edib. Əllərində əxlaq polisi tərəfindən qətlə yetirldiyi bildirilən Məhsa Əminin portretini tutan aksiya iştirakçıları "Bizə diktator lazım deyil”, "İrana azadlıq” şüarları səsləndiriblər. 

"Bizim qız İran rejimi tərəfindən qətlə yetirilib. O, hicab taxmadığına görə ölənə qədər döyülüb”, aksiya iştirakçıları bildirib. 

Onlar həmçinin bəyan ediblər ki, İslam rejimini dəstəkləmirlər. 

Məhsa Əmin sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılıb. Bildirilir ki, o, polis bölməsində işgəncəyə məruz qalaraq ölüb. Bu hadisə İranda etirazların alovlanmasına səbəb olub. 

Seyid