Siyasət 18:23 16.11.2022

İrandan Ceyhun Bayramova dəvət: XİN başçısı Tehrana səfər edəcək?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda "3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) keçirləcək görüşə dəvət olunub. Bununla bağlı İranın XİN rəhbəri Əmir Abdullahian Ceyhun Bayramovla telefon danışığı zamanı ona rəsmi dəvəti çatdırıb. 

Qeyd edək ki, son zamanlar Tehran Azərbaycana qarşı təxribat xarakterli addımlar atmağa başlayıb. İran bir tərəfdən, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, bu addımın guya Ermənistanla birbaşa əlaqələrinin itməsinə gətirib çıxaracağını bəhanə edir. Digər tərəfdən, işğal dövründə sərhəddə bir dəfə də olsun hərbi  təlimlər keçirməyən rejim Azərbaycan torpaqları azad edəndən sonra sərhəd boyu geniş miqyaslı hərbi təlimlər keçirir. Həmçinin, İran Azərbaycana qarşı cəsuslıq fəaliyyətini də gücləndirir. Bunu Azərbaycanın təhlükəsizlik qüvvələrinin son  günlər keçirdiyi əməliyyatlar və bu zaman İrana cəsusluq edən bir neçə şəxsin həbs edilməsi də sübut edir. Digər tərəfdən isə İran Bakını 3+3 formatında Tehranda baş tutacaq görüşə dəvət edir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, İranın Azərbaycan XİN rəhbərini "3+3” formatında olacaq görüşə dəvət etməsi heç də Tehranın ölkəmizə qarşı təhdid və təqib xarakterli hərəkətlərə son verməsi anlamına gəlməməlidir:



"İran hazırda başını itirib. Bu ölkədə atalar demişkən, "ağız deyəni, qulaq eşitmir”. Ölkənin siyasi rəhbərliyində də vəziyyət belədir. İranın  siyasi rəhbərliyi tamamilə özünü itirib, qərar qəbul etməkdə çətinlik çəkir. Gah qonşu ölkə ilə gərgin vəziyyət yaradır, gah da onun rəsmilərilə əlaqə saxlayaraq, regional görüşə dəvət edir. 

İranın ziddiyyətli yanaşmaları hər zaman problemlər yaradıb, yaratmaqda davam edir və gələcəkdə də yəqin ki, belə olacaq. Bu mənada, "3+3” formatının İranda olacaq görüşündən də hər hansı bir real nəticə gözləmirəm. Özünü ziddiyyətli şəkildə göstərən bir ölkənin sözügedən formatın real mənzərə almasına töhfə verəcəyi də bu mənada ağlabatan deyil. İran "3+3” formatına Azərbaycanı da dəvət edib, gedəcəyik. Amma bu heç də İranın ölkəmizə qarşı təhdid xarakterli addımlarının dayanması anlamına gəlməyəcək”. 

Rüfət Sultan