Dünya 22:28 23.10.2022

İranın bu media qurumlarına qarşı sanksiya tətbiq olundu

Kanada İranın bir sıra media qurumuna və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Qaynarinfo xəbər verir ki, İranın "Nur-News”, "Fars news” saytları, "Keyhan” qəzeti və baş redaktoru, İranın Televiziya və Radio Verilişləri Təşkilatı və onun keçmiş, eləcə də hazırkı rəhbəri və müxbirlərinin adı sanksiyalar siyahısına salınıb. Bu media qurumlarının internet səhifələri Kanadada bağlanıb və onların rəhbərlərinin Kanadaya girişi qadağan edilib. Kanada hökuməti bu addımını İran polisinin aksiyaçılara qarşı qəddar davranışı ilə əlaqələndirib.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani məsələyə münasibət bildirərək deyib ki, Kanada söz azadlığının müdafiəçisi olduğunu bəyan etdiyi halda azad mətbuata qarşı sanksiya tətbiq edib.

Onun sözlərinə görə Qərb dövlətləri İran xalqının səsini boğmağa çalışır: "Həqiqəti eşitmək istəməyən Qərb öz prinsiplərini siyasi iddialara qurban verərək ikiüzlü siyasət aparır”.