Dünya 13:36 22.07.2022

İstanbul anlaşması: Taxıl böhranı həllini tapır

Ukrayna taxılının daşınması məsələsi öz həllini tapmaq üzrədir. Belə ki, bu gün İstanbulda Ukrayna limanlarındakı taxılla dolu gəmilərin daşınması üzrə sazişin imzalanacağı gözlənilir. Bu münasibətlə BMT Baş katibi Antoniu Quterreş də Türkiyəyə gəlib. Həmin mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna və Rusiya nümayəndələri də iştirak edəcək. 

Qeyd edək ki, bir neçə gün öncə bununla bağlı İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə danışıqlar aparılmışdı. Prosesdə vasitəçi qismində Türkiyə əsas rol oynayır. Məhz Türkiyənin səylərinin nəticəsidir ki, sözügedən istiqamətdə irəliləyişlər əldə olunub.

Bu arada Ukrayna tərəfi İstanbulda hansı şərtlərlə Rusiya ilə taxıl ixracına dair razılaşma imzalayacağını açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Türkiyədə aparılan danışıqları şərh edərək, yekunda Qara dənizdə ixrac marşrutlarının təhlükəsiz istismarı ilə bağlı tərəflərin öhdəliklərini əks etdirən sənədin imzalanana biləcəyini bildirib: "Ukrayna nümayəndə heyəti yalnız ölkənin cənub vilayətlərinin təhlükəsizliyinə, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki möhkəm mövqelərinə və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına təhlükəsiz ixracına zəmanət verəcək qərarları dəstəkləyəcək".

Sözügedən istiqamətdə razılaşma əldə olunarsa, bu hazırda dünyada yaşanan ərzaq böhranının aradan qaldırılmasına təsir edəcəkmi? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, İstanbulda anlaşma əldə olunsa da, ərzaq böhranı bu il üçün yenə də aktual olaraq qalacaq. Ekspertin fikrincə, anlaşma yalnız gələn ildən başlayaraq ərzağın qiymətinin ucuzlaşmasına şərait yaradacaq: 
 


"Belə bir anlaşma öncədən razılaşdırılmasaydı, BMT Baş katibi İstanbula səfər etməzdi. Ona görə də sənədin imzalanması ehtimalı böyükdür. Həmin addım bazarlarda müəyyən dərəcədə rahatlıq yaradacaq, qiymət artımının qarşısını alacaq amilə çevriləcək. Amma bu o demək deyil ki, ərzaq və taxıl böhranı bununla tamamlə aradan qalxacaq. Yəni yenə də problem kökündən, tamamilə həll olunmayacaq. Çünki Ukraynanın taxıl bazarında rolu yüksək olsa da, həlledici deyil. Loqistik problemlər var. Kanada və Hindistan kimi iri taxıl istehsalçısı olan ölkələrdə məhsuldarlıq müvafiq olaraq 10 və 15 faizə qədər azalıb. Taxıl istehsalçılarının özlərində də istehsal həcminin azaldığını müşahidə edirik. Ona görə də ən azından bu il üçün ərzaq böhranı problemi qalmaqda davam edəcək. 
Bir çox ölkələr vəziyyətdən dərs çıxarıb. Ona görə də bəziləri gələn il üçün daha çox taxıl əkini həyata keçirməyi düşünür. Misir bununla bağlı plan açıqladı. Payız əkini zamanı çoxsaylı ölkələrdə daha çox taxıl əkininin həyata keçirildiyinin şahidi ola bilərik. Yalnız bundan sonra gələn ilin əvvəlindən bazarda rahatlığın yaranması və qiymətlərin ucuzlaşmasının şahidi ola bilərik. Cari ilin sonuna qədər isə mövcud problem İstanbulda anlaşma əldə edilsə də, davam edəcək”. 

Rüfət Sultan