Dünya 14:05 23.10.2023

İstanbul sakinləri 57 gün sonra susuz qala bilər

Türkiyənin ən böyük şəhəri İstanbul 57 gün ərzində susuz qala bilər. Şəhərin su anbarlarındakı ehtiyatlarının səviyyəsi 20,6%-ə düşüb. 

Qaynarinfo xəbər ki, bunu "RİA Novosti"nin hesablamaları göstərir.

Agentlik İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsinin məlumatlarına əsaslanır. Məlumata görə, aprel ayından etibarən su ehtiyatları 48,5%-dən 20,6%-ə qədər azalıb. Hazırda 180 milyon kubmetr su ehtiyyatı var. Mümkün olan maksimum isə 868 milyon kubmetrdir.

Jurnalistlərin hesablamalarına görə, 16 milyonluq şəhər indiki kimi gündəlik 3,1 milyon kubmetr su istehlak etməyə davam edərsə və əhəmiyyətli yağıntılar baş verməsə, təxminən iki aya su ehtiyatı tükənəcək.

Artıq sinoptiklər uzun sürən quraqlığa görə Türkiyənin əhəmiyyətli bir hissəsini fövqəladə vəziyyət zonasına daxil ediblər. Bundan əlavə, sentyabrın əvvəlindən İstanbul səlahiyyətliləri ehtiyata qənaət etmək üçün şəxsi park və bağların suvarılması üçün sudan istifadəni dayandırmağa qərar verib.

Bu arada, meteoroloji proqnozlara görə, yaxın 10 gün ərzində Türkiyədə yağış gözlənilmir.

Aydın