Siyasət 22:45 04.05.2022

İtaliya Avropa İttifaqında “konsensus” prinsipinin ləğv edilməsini təklif edir

İtaliyanın baş naziri Mario Draqi Avropa İttifaqının islahatlara ehtiyyacı olduğunu, təşkilat daxilində qərarların yekdilliklə deyil, çoxluq tərəfindən qəbul edilməsinin vacib olduğunu bildirib. 

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, o, bunu Avropa Parlamentində çıxışı zamanı deyib.

Rusiyaya qarşı neft embarqosu da daxil olmaqla yeni sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı mübahisələr fonunda İtaliyanın baş naziri Aİ-ni xarici və təhlükəsizlik siyasəti ilə bağlı ümumi qərarların yalnız yekdilliklə qəbul edilməsi faktından imtina etməyə çağırıb.
 
"Biz çarpaz vetoların məntiqinə gətirib çıxaran bu yekdillik prinsipini aşmalı və ixtisaslı səs çoxluğu ilə qəbul edilən qərarlara doğru getməliyik. Vaxtında qərarlar qəbul edə bilən Avropa öz vətəndaşlarına və dünyaya daha çox inam yaradan Avropadır", deyə Dragi bildirib.

Onun sözlərinə görə, Aİ Şərqi Avropadakı müharibəni nəzərə alaraq, müdafiə, xarici siyasət və iqtisadi məsələlər də daxil olmaqla, bir çox siyasət sahələrində "praqmatik federalizm”ə can atmalıdır. Dragi əlavə edib ki, əgər islahatlar Aİ-dən müqavilələrini dəyişdirməyi tələb edirsə, o zaman qurum buna hazır olmalıdır.
 
"Sələflərimizin son onilliklərdə qurduğu qurumlar Avropa vətəndaşlarına yaxşı xidmət göstərib, lakin onlar bu gün qarşılaşdığımız reallıqlara uyğun gəlmir. Bizə praqmatik federalizm lazımdır: davam edən transformasiyanın təsirinə məruz qalan iqtisadiyyatdan tutmuş enerji və təhlükəsizlik məsələlərinə qədər bütün sahələri əhatə edən bir federalizm", deyə Dragi əlavə edib.

İndi Aİ Rusiya Federasiyasına qarşı sanksiyalar paketi hazırlayır, burada neft embarqosu ilə bağlı bənd olacaq. ZDF xəbər verir ki, üç tərəddüdlü Aİ ölkəsi (Macarıstan, Avstriya və Slovakiya) veto hüququndan imtina edib.

Nizami Bağırov