Dünya 18:34 29.11.2022

Kameraları söndürüb, yarım milyonluq mal oğurladı - Bakıda müdir necə cinayət törədib?

Bakıda şirkətə yarım milyon manatdan ziyan vuran anbar müdiri azadlığa buraxılıb. 

Qaynarinfo-nun məlumatına görə, bu ilin fevral ayında həbs edilən "Keşlə" yük stansiyasında yerləşən anbarın Rəşid adlı müdiri müxtəlif ölçülü ağaclifli plitələrin (MDF) qəbul edilərək saxlanılmasını və satışını həyata keçirirmiş. 

O, kameraları söndürərək anbarda olan məhsulları götürərək öz şəxsi ehtiyaclarına sərf etməkdə və ona etibar olunmuş QSC-yə məxsus əmlakı mənimsəməkdə günahlandırılıb.

Rəşid 17 avqust 2018-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət ərzində ümumilikdə anbardan dəyəri 555.600 manat olan ağaclifli plitələri oğurlayıb.

O, məhkəmədə QSC-yə vurulmuş ziyanın tam şəkildə ödənildiyini, hələ ibtidai istintaq zamanı onunla zərərçəkmiş şirkətin rəhbərliyi arasında barışığın əldə edildiyini və uzun müddət vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirərək, yüngül cəza təyin edilməsini xahiş edib. 

Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 1 fevral 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 9 ay 27 gün nəzərə alınmaqla, ona təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və 1 il 6 ay sınaq müddəti müəyyən edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.

Əhməd