Siyasət 10:38 11.08.2022

Kanadanın XİN başçısı Azərbaycanla bağlı bəyanat verdi

Kanada və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Kanadanın xarici işlər naziri Melani Joli bəyanatla çıxış edib.

Qaynarinfo xəbər verir ki, bəyantda deyilir:

"Bu gün, Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Bu münasibətlərin əsasında Kanadanın müxtəlifliliyinin, tərəqqisinin və uğurlarının vacib hissəsi olan parlaq Azərbaycan icması da daxil olmaqla insanlararası isti münasibətlər dayanır.

Otuz il ərzində ölkələrimiz beynəlxalq səhnədə ortaq dəyərlərimizi irəli aparmaq məqsədilə möhkəm işçi münasibətlər qurublar. Ehtiyacı olanlara yardım etməyə qarşılıqlı sadiqliyimizin sübutu kimi, hər iki ölkə Ukraynaya humanitar yardım göndərməklə kömək edir və Əfqanıstanda birgə çalışıb. Birləşmiş Millətlər Təşkilatı və ATƏT kimi platformalarda biz qadın hüquqlarının gücləndirilməsi və qlobal ətraf mühitin müdafiəsi, eləcə də qanunlara əsaslanan beynəlxalq düzənin və Qafqaz bölgəsində demokratiyanın gücləndirilməsi sahəsində əməkdaşlıq etmişik.

Bu önəmli günü qeyd edərkən, Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinin davam etidiliməsinə sadiqliyimizi bir daha bəyan edirik. Bu vacib dostluğa əsaslanaraq gələcəkdə daha da dərin münasibətlər qurmağa ümid edirik".

Bəyanatı şərh edərkən Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İcraçı direktoru Nigar Cəbiyeva bildirib ki, Kanadanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycan ilə münasibətlərin perspektivlərinə dair vacib mesajlar verib. İki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün, Kanadada yaşayan azərbaycanlı icmasının maraqlarını ifadə edən təşkilat kimi icmamızın səsini federal və əyalət hökumətlər qarşısında təmsil etməyi davam etdirmək əzmindəyik. 

Xanım M.Jolidən başqa, Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri cənab Fillip Lourens və bir sıra digər parlament üzvləri də oxşar təbrik mesajları ilə çıxış ediblər.

Qeyd edək ki, kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılmışdır. KAŞ tam olaraq Kanadanın azərbaycanlı icmasının dəstəyi ilə fəaliyyət göstərir.