İdman 15:52 06.04.2023

“Kəpəz”in futbolçusu nə düşünür: “Başqa ölkənin vətəndaşlığını qəbul edib...” (MÜSAHİBƏ)

Azərbaycan Premyer Liqasında 7-ci pillədə qərarlaşan "Kəpəz”in qeyri-sabit çıxışı davam edir. Son turda "Səbail” üzərində qələbə qazanan Gəncə təmsilçisi, aprelin 9-da "Qarabağ”la qarşılaşacaq. Bəs, "Kəpəz” çempionluğa əsas namizədlə oyuna necə hazırlıq görür?

Gəncə klubunun futbolçusu Fərid Nəbiyev Qaynarinfo-ya həm qarşıdakı oyunla, həm də karyerası ilə bağlı müsahibə verib. 

- Hazırda komandada ab-hava və hazırlıqlar necədir?

- Ümumi ab-hava çox yaxşıdır. İstər məşqçilər heyəti, istər oyunçular olsun, hamı bir-biri ilə mehribandır. Yavaş-yavaş nəticə də gəlir. İnşallah, mövsümün sonuna qədər belə davam edər. 

- "Qarabağ”a qarşı xüsusi hazırlıq görürsünüz? Oyunla bağlı düşüncələriniz nədir?

- "Qarabağ” çox güclüdür. Buna da digər oyunlardakı kimi hazırlaşırıq. Əlbəttə, məşqçimizin istəyi futbolçuların meydanda ən yaxşı oyununu göstərməsidir. Biz də nəticə qazanmaq, "Qarabağ”dan xal və ya xallar almaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- Şansları necə dəyərləndirirsiniz?

- Əlbəttə, "Qarabağ” bizdən çox üstündür. Amma oyun meydançada olur. 90 dəqiqə mübarizə aparmalıyıq. "Qarabağ”ın şansı daha çoxdur. Bizim də şansımız var. Son oyunlarda rəqiblərə qarşı yaxşı çıxış edirik. Düşünürəm ki, çox maraqlı və gərgin olacaq. 

- Səfərdə oynayacaqsınız. Fiziki durumla yanaşı, psixoloji baxımdan nə dərəcədə hazırsınız?
 


- Əlbəttə, ev oyunlarında daha çox azarkeş gəlib dəstəyini göstərir. Onlar bizi səfər oyunlarında da tək qoymur. Səfər oyunlarında sayları az olsa da, azarkeşlərimizi daim arxamızda hiss edirik. "Qarabağ” evdə bütün rəqiblərə qarşı çox güclü oynayır. Səfərdən ən azı bir xalla qayıtmağa çalışacağıq.

- Mövsümün son dövrəsi gedir. "Kəpəz”in ilk ilini necə dəyərələndirirsiniz? Sonda hansı pilləni tutacağınıza ümidiniz böyükdür?

- Mövsümün İlk 6 oyununda çempionata tam hazır deyildik. Hər oyun uduzurduq, qol vurmağa belə çətinlik çəkirdik. Komanda getdikcə oturuşdu, yeni futbolçular gəldi. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilirik. Məşqçinin dediklərini tam anlayırıq, oyunlarda, məşqlərdə nə etmək lazım olduğunu başa düşürük. Çox komandalarla oyunda ani diqqətsizlikdən xallar itirmişik, son dəqiqələrdə qollar buraxmışıq. Yenə də, layiqli mübarizə apardığımızı, rəqiblərdən çəkinmədiyimizi düşünürəm. O xalları itirməsəydik, indi daha yüksək pillələrdə idik.

- Səviyyə, oyunçu keyfiyyəti baxımından hansısa rəqiblərdən geri qaldığınızı düşünürsünüz?

- Xeyr, məsələn, səfərdə "Zirə”yə qarşı, evdə "Qəbələ” ilə və daha bir neçə oyun var ki, ani diqqətsizlik səbəbindən xallar itirmişik. Bəzi, 100 faiz qələbə qazana biləcəyimiz oyunları əldən buraxdıq.

- "Kəpəz”in maddi baxımdan çətiniklər yaşadığını bilirik. Kluba hələ sponsor tapılmayıb. Bizdə olan məlumata görə, son iki ayın maaşı da verilməyib. Bu amil oyununuza nə dərəcədə təsir göstərir? Futbolçularda, xüsusən də legionerlərdə psixoloji gərginlik yaradır?

-  Əlbəttə, təkcə legionerlərin deyil, azərbaycanlı futbolçuların da o maaşa ehtiyacı var. Çünki klubda maaş yüksək deyil. Nə sponsor, nə maliyyə dəstəyi var. Belə durumda oynamaq çox çətindir. Bəlkə də sponsorumuz olsaydı, hər şey tam fərqli davam edərdi. Yenə də əlimizdən gələni edirik ki, "Kəpəz” ayaqda qalsın. Ümid edirəm yeni sponsorlar cəlb olunar və daha yüksək pillələrə qalxarıq. Hər komandada oyunçu üçün əsas stimul məvacibdir. Bu olsa komanda daha həvəslə oynayar.

- "Kəpəz”in icraçı direktoru İlqar Nadirinin futbolçulara şəxsi vəsaiti hesabına ödəniş etməsi doğrudur?

- Hamısını olmasa da, maaşlarımızın bəzi hissəsini almışıq. O da öz vəsaiti hesabına bizə müəyyən köməklik edib.

- Hər qələbəyə görə mükafat verilir?

- Bəli, bu baxımdan vəziyyət yaxşıdır.

- Bir qədər də şəxsi karyeranızla bağlı danışaq. "Qəbələ”nin yetirməsi kimi xaricə getdiniz, Çexiyada oynadınız. Azərbaycana qayıtmağa sizi nə vadar etdi?
 
- İstədim qayıdıb Azərbaycanda da özümü göstərim, görsünlər ki, mən də varam, futbolu bacarıram. Lakin qayıtmağıma baxmayaraq, burada qalmağı fikirləşmirəm. Alınsa, yenidən xaricdə oynamaq istəyərəm. Hələ fikrimi tam olaraq "Kəpəz”ə yönəltmişəm. Mövsüm bitəndən sonra menecerimlə hansı komandada çıxış edəcəyim barədə müzakirələr aparacağıq. 

- 5 il xaricdə oynayandan sonra qayıdıb Azərbaycan futbolunda hansı dəyişiklikləri gördünüz?

- Çempionatın səviyyəsi o qədər də aşağı deyil. Komandaların sayı çox azdır. Məsələn, Çexiyada hər liqada 16-18 komanda olur. Say nə qədər çox olsa, futbolçular üçün yaxşıdır. Bir klubda alınmayanda, başqasına icarəyə gedə bilər. Bu da onun inkişafına gətirib çıxarır. Azərbaycanda isə belə deyil. Say az olduğundan futbolçular çox çətinlik çəkir. Hətta gənc yaşda karyerasını bitirənlər var.

- Çexiya ilə Azərbaycan futbolunu müqayisə etsək, ortaya necə bir mənzərə çıxar?
 
 

- Çexiyada fiziki futbola daha çox üstünlük verirlər. Uzun ötürmələrdən istifadə olunur. Qısa ötürmələr haqda isə fikirləşən yoxdur. Amma Azərbaycanda topa yiyələnmək, taktiki gedişlər üstünlük təşkil edir. Düzdür, fiziki durum önəmlidir. Mən topla oynamağı daha çox sevirəm. Düşünürəm ki, Azərbaycan çempionatına daha uyğunam. Bu, xaricdə oynaya bilməyəcəyim anlamına gəlmir. Sadəcə, onlar fərqli fikirləşirlər.

- "Kəpəz”də bir ara tez-tez fərqlənirdiniz, son vaxtlar sanki geriləmə var.

- Oyunlarda şanslarım olur. Ancaq təkcə qol vurmağımı deyil, komandanı da fikirləşirəm. Qol vurmayım, amma komanda nəticə versin - bu, mənim üçün daha önəmlidir. İnşallah, yenidən qollarıma və ötürmələrimə davam edərəm.

- Ümumiyyətlə, bu mövsüm qarşınıza bombardir olmaq məqsədi qoymuşdunuz?

- Qol vurmağı planlaşdırmışdım, amma bombardir olmağı heç vaxt fikirləşməmişəm. Komandaya nə qədər fayda verəcəyimi düşünürəm.

- Xaricdən təkliflər var? Çempionat bitəndən sonra Azərbaycandan getmək ehtimalınız nə qədərdir?

- Hələ bu barədə danışmamışıq. Xaricdən təkliflər olub-olmaması haqda menecerimdən soruşmamışam. Əsas fikrimi çempionatın sonuna qədər "Kəpəz”ə yönəltmişəm.

- Azərbaycan futbolunda nə dərəcədə inkişaf edə biləcəyinizi düşünürsünüz?

- Əlbəttə, xaricdə oynamaq daha yaxşıdır. Biri var, gedib ehtiyatda oturasan, biri də var əsas heyətdə daim oynayasan. Nə qədər çox oynasam, o qədər inkişaf edərəm. Kənarda oturmağın bir mənası yoxdur. Ona görə də mövsümün sonunda harada oynaya bilərəmsə, oranı seçəcəyəm.

- Komanda çempionatı hazırkı mövqeyində bitirsə, yenə "Kəpəz”də qalmaq haqda düşünəcəksiniz?

- Hər şey mümkündür. Müzakirə edəcəyik, fikirlərimiz üst-üstə düşsə, niyə də olmasın?

- Yığmadan dəvət gözləyirdiniz?

- Əslində, dəvət gözləyirdim. Amma çağırılmadığıma görə pis olmamışam. Milli komandanın formasını geyinmək istərdim, bu mənim üçün böyük şərəf olar. Çağırılmamışamsa, heç nə deyə bilmərəm. Yəqin ki, yığmaya dəvət olunan oyunçular daha layiqli imiş. Hər halda məni layiq görməyiblər, buna görə pis olmuram. Rəqabət hər yerdə var, milliyə dəvət alsam, əlimdən gələnin ən yaxşısını etməyə çalışaram. Özümü millidə oynamağa hazır sayıram. 

- Millinin nəticələri barədə nə düşünürsünüz?

- Göz önündədir, məncə, əlavə nəsə deməyim düzgün olmaz.

- Xaricdə oynayarkən, başqa ölkənin vətəndaşlığını qəbul edib, orada milliyə dəvət almaqla bağlı düşüncələriniz və təklifləriniz olub?

- Təkliflər olmayıb, amma Çexiyada bir müddət də qalsam, oranın pasportunu ala bilərdim. Başqa ölkənin vətəndaşlığını qəbul edib, milliyə qədər yüksəlməyi düşünməmişəm. Ümidim var ki, öz yığmamıza dəvət alacağam. Niyə də olmasın?

- Turnir cədvəlinin daha aşağı pillələrində olan "Kəpəz”də oynamaq, milliyə yolunuzu bağlamır ki?

- Düşünmürəm ki, belədir. Komandamızın durumu o qədər də pis deyil. Çünki heç kimdən zəif deyilik. Təbii, turnir cədvəlinin yüksək pillələrindəki komandalarda oynayanda daha çox diqqət mərkəzində olursan. Ancaq biri var, yüksək yerlərdəki komandada olub, meydana çıxmayasan, biri də var, aşağı pillələrdəki kollektivdə daim oynayasan, Oynamağı daha çox istəyirəm, nəinki ehtiyatda qalmağı.

Səbuhi Həsənov