İdman 17:47 08.04.2022

"Kəpəz"in baş məşqçisi istefa verib? - Klub rəsmisi açıqladı

AFFA-nın İcraiyyə Komitəsinin qərarından sonra növbəti mövsüm Premyer Liqaya gətiriləcək klublardan birinin "Kəpəz" olacağı gözlənilir. Düzdür, bu nə qədər xoş səslənsə də, Azərbaycanın köklü klublarından olan Gəncə təmsilçisinin Birinci Divizionda durumu heç də qənaətbəxş deyil. Son oyunlarda qələbə üzünə həsrət qalan Gəncə təmsilçisinə haqlı olaraq azarkeşləri də narazılıq bildirir. Sonuncu turda "Keşlə-2"-nin qarşısında aciz qalan komandanın bu nəticəsi isə azarkeşlərin səbrini daşırıb.

Artıq baş məşqçi Yaşar Vahabzadədən istefa tələb edənlər də var. Hər halda azarkeşlər sevimli komandalarının aşağıdan, pis nəticə ilə deyil, daha yaxşı pilləni tutaraq Premyer Liqaya yüksəlməsini gözləyirlər. Ancaq faktiki bu, o qədər də real görünmür. Düzdür, çempionluq olmasa da, mükafatçılar sırasına düşmək şansı var. Amma ardıcıl məğlubiyyətlər komandanı bu arzudan məhrum edə bilər. Bu da şübhəsiz ki, azarkeşləri narahat etməyə bilməz. 

Bəs klub baş məşqçi ilə istefa məsələsini müzakirə edibmi? Qaynarinfo-nun bununla bağlı sualına "Kəpəz"in icraçı-direktoru İlqar Nadiri cavab verib: 

"Oyundan bir gün sonra baş məşqçi və futbolçularla görüşdük. Bu nəticəni onlarla birgə müzakirə etdik. Hamımız istəyirik ki, komanda bu vəziyyətdən çıxsın. Çempionatın sonuna kimi arzu olunan yerə yüksələk. Komandanın qarşısına hər oyun qələbə qazanmaq məqsədi qoyulur. İstefa ilə bağlı hələ bir söhbət yoxdur. Baş məşqçi komandanı növbəti oyuna hazırlaşdırır. İşinin başındadır. İstefa məsələsi nəzərdən keçirilmir. Komanda növbəti oyunlarda qələbə qazanıb mövqeyini yaxşılaşdırmalıdır".

Səbuhi Həsənov