Dünya 17:00 26.04.2023

Kim Çenə siqaret satdığına görə British American Tobacco ABŞ-a 635 milyon ödəməli olacaq

Törəmə şirkəti sanksiyaları pozaraq Şimali Koreyaya tütün və siqaret satdığına görə British American Tobacco ABŞ hakimiyyətinə 635 milyon dollar ödəyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.

British American Tobacco (BAT) çərşənbə axşamı ABŞ Ədliyyə və Maliyyə Nazirlikləri ilə ödənişlə bağlı saziş imzalayıb. Şirkətin rəhbəri Cek Boulz bildirib ki, BAT pozuntuya görə dərin təəssüf hissi keçirir.

BAT-ın Sinqapurda yerləşən törəmə şirkəti 2007-2017-ci illər arasında Şimali Koreyaya siqaret tədarük etdiyini etiraf edib. 

British American Tobacco dünyanın ən böyük tütün şirkətlərindən biridir. Lucky Strike, Dunhill və Pall Mall kimi siqaret markalarının sahibidir.

ABŞ Baş prokurorunun müavini Metyu Olsen çərşənbə axşamı keçirdiyi brifinqdə deyib ki, BAT ilə saziş uzun araşdırmanın nəticəsidir və ödəniş Şimali Koreyaya qarşı sanksiyaları pozduğuna görə Ədliyyə Nazirliyinin tarixində ən böyük cərimə olacaq.

Olsen bildirib ki, BAT sanksiyalardan yayınmaq və Şimali Koreyaya tütün və tütün məmulatları satmaq üçün mürəkkəb törəmə şirkətlər zənciri yaradıb. Ədliyyə Nazirliyinin hesablamalarına görə, bu firmalar 2007-2017-ci illərdə təxminən 428 milyon dollar qazanıb.

ABŞ səlahiyyətliləri bu sxemdə əli olan Şimali Koreya bank rəsmisi Sim Hön Sop və çinlilər Tsin Qomin və Han Linlinə qarşı qiyabi olaraq cinayət ittihamı irəli sürüb.

ABŞ koreyalının tutulmasında kömək üçün beş milyon dollar mükafat elan edib və hər iki çinliyə yarım milyon dollar vəd edilib.

Onlar Şimali Koreyanın dövlət tütün fabrikləri üçün yarpaq tütün almaqda və ABŞ bankları vasitəsilə 74 milyon dollarlıq ödəniş etmək üçün saxta sənədlər hazırlamaqda ittiham olunurlar. ABŞ-a görə Şimali koreyalılar bu sövdələşmələrdən 700 milyon dollara qədər gəlir əldə ediblər.

Şimali Koreya lideri Kim Çen In çox siqaret çəkir və tez-tez rəsmi fotolarda və televiziya kameraları qarşısında siqaretlə görünür.

Keçən il ABŞ BMT Təhlükəsizlik Şurasından Şimali Koreyaya tütün ixracına qadağa qoymağı tələb edib, lakin bu təşəbbüs Çin və Rusiya tərəfindən əngəllənib.

Nizami Bağırov