Ölkə 11:57 05.06.2023

Kimliyi bilinməyən uşaqların bitməyən sənəd problemi

"Bunlar qeyri-rəsmi münasibətlərdən dünyaya gələn uşaqlardır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sənədsiz doğulan uşaqların statistikası ilə bağlı açıqlamadan danışarkən deyib. Onun sözlərinə görə, həmin uşaqların sənədi olmadığından onların uşaq müəssisələrinə yerləşdirilməsi çətinləşir.

"Hər şey uşağın doğum faktının gizlədilməsindən başlayır. Uşaqlar hansısa  ailələrə verilib saxlanılır, bir müddət keçdikdən sonra isə sənəd almaq üçün hara müraciət edəcəyini də bilmirlər. Ən acınacaqlısı isə zərərli vərdişlərə aludə olan qadınların dünyaya gətirdiyi uşaqlarının doğum şəhadətnamələrinin olmamasıdır. Hazırda 10- dan çox sığınacaqda uşaq var ki, biz onlara Səhiyyə Nazirliyindən 103 nömrəli forma deyilən sənəd almalıyıq. Bu zaman bir sıra çətinliklər yaranır. Həmin formanın alınması bazası Səhiyyə Nazirliyindədir. Uşaqların müraciəti ilə bağlı isə TƏBİB-ə ərazi üzrə poliklinikalara  müraciət etdikdə onlar deyir ki, bu sistem Səhiyyə Nazirliyindədir. Nəticədə iki qurum arasında get-gəl başlayır”,- deyə ekspert vurğulayıb.

Kəmalə Ağazadə məhz bu səbəbdən uşaqların sənədsiz böyüdüyünü bildirib: 

"Belə uşaqlar təhsildən yayınır, vaxtında bağcaya yerləşdirilə bilmir. Çünki sənədi  yoxdur. Ailəni tapa bilməyəndə isə məhkəməyə  müraciət etməliyik. Bir sözlə, sənədsiz uşaqlar  üçün xüsusi bir qrup yaradılmalıdır”. 

Qeyd edək ki, sənədsiz dünyaya gələn uşaqların statistikası açıqlanıb. Statistikaya görə, 2021-ci  il- 972 nəfər, 2022-ci il-926 nəfər sənədsiz uşaq doğulub.

Bahar Rüstəmli