Xəbər lenti

Dünya 15:20 30.04.2024

"Köhnə reseptlər işləmir, Fransa Çinlə əməkdaşlığa can atır" - Ekspert

"Fransanın Çinə münasibətdə fərqli davranışı Avropada lider boşluğu yarandığından, onu doldurmaq çabalarından irəli gəlir. Amma Paris bu məsələni həll etməyə qadir deyil". 

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, Qərb ölkələrinin bir çox məsələlərlə bağlı ilk baxışdan vahid cəbhədən çıxış etdiyini görsək də, ən önəmli məsələlər ətrafında fərqli düşündükləri ortaya çıxır:

"Hətta Ukrayna məsələsində fərqli düşünən, fərqli davranan Avropa ölkələri də var. Halbuki, Ukrayna məsələsi ilk baxışdan konsolidasiya olunmuş, bütün ölkələrin sanki eyni düşündüyü Qərb obrazı yaradır. Bu mənada Çinə münasibətdə Qərbin özündə belə müxtəlif düşünən ölkələrin olması da təbiidir. Çünki maraqlar və  təsir imkanları müxtəlifdir. Nəticə etibarı ilə indiki şəraitdə belə Çinlə iqtisadi münasibətlərin genişləndirilməsinə çalışan ölkələr də var".
 


Həmsöhbətimiz deyib ki, bu müstəvidə Almaniya və Fransa xüsusu canfəşanlıq göstərir:

"Bu yaxınlarda Almaniya kansleri Olaf Şoltsun Pekinə səfəri oldu. Parisə gəldikdə, o da Avropa liderliyinə can atır. Amma potensialının buna nə qədər imkan verdiyini söyləmək çətindir. Avropa liderliyinə can atdığından Pekinlə daha yaxın münasibətlər qurmaqla Fransa iqtisadiyyatında Çinin rolunu artırmaq yolu ilə iqtisadi güc qazanmağa çalışır. Halbuki, Fransa son illər Afrikada ciddi məğlubiyyətlərə tuş gəlib. Bu qitədəki bir çox ölkə Fransanın təsir dairəsindən çıxıb. Ona görə də Fransanın Çinə münasibətdə ABŞ-a nisbətən fərqli davranışları, Avropada lider boşluğu yarandığından, onu doldurmaq çabalarından irəli gəlir. Amma bu çabaların nə qədər uğurlu olacağını zaman göstərəcək. Fransanın iqtisadi potensialı hələlik həmin məsələləri həll etməyə yetərli deyil". 

Qeyd edək ki, ABŞ-la Aİ, xüsusən də onun aktiv üzvləridən olan Fransa arasında Çinlə əlaqələr məsələsində ciddi fikir ayrılıqları üzə çıxır. Belə ki, Vaşinqton Çinin güclü imkanlarının dünya üçün problem olduğunu düşündüyü bir zamanda, Paris Pekinlə daha sıx əlaqələr qurmağa hazırlaşır. ABŞ-ın maliyyə naziri Canet Yellen Pekində Kommunist Partiyası liderlərinə Çinin həddindən artıq imkanlarının dünya üçün problem olduğu barədə xəbərdarlıq etməsindən həftələr sonra Çin lideri Si Szipinin Avropaya səfəri olacaq. Paris Çinin Fransa iqtisadiyyatına investisiya yatırmasını istəyir. Çin lideri səfər çərçivəsində Fransa, Serbiya və Macarıstana olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->