Ölkə 13:30 26.11.2022

Koronadan ölən iş adamının oğlu karantin qaydalarını pozmaqda günahlandırılır - “Texas”da araşdırma aparılacaq

Koronavirusdan vəfat edən tanınmış iş adamı Fizuli Fərəcovun oğluna məxsus, Bakıxanov qəsəbəsində yerləşən "Texas” restoranında aparılan yoxlamaların nəticələri ilə bağlı iş yenidən araşdırılacaq.  

Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə koronavirusdan vəfat edən Fizuli Fərəcovun oğluna məxsus "Texas” restoranında 2021-ci ilin fevral ayında müvafiq qurumlar tərəfindən aparılan araşdırma zamanı karantin qaydalarının pozulması halı müəyyən edilib. Belə ki, 10 fevral 2021-ci il tarixdə restoranda Nazirlər Kabinetinin 237 saylı qərarının tələblərinə riayət edilməsinə nəzarət məqsədilə yoxlama keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, ictimai iaşə obyektinin qida qəbulu zalında müştərilər sosial məsafəni pozaraq qrup halında, yəni kiçik məkanda 50-60 nəfər məsafə saxlamadan rəqs ediblər. Bundan başqa, ictimai iaşə obyektində masalararası məsafənin 2 metr, eyni masa ətrafında 1 metr məsafənin gözlənilməsi barədə tələblərin pozularaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı müəyyən edilib. 

Elə həmin ilin mart ayında restoran İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilib.

Fizuli Fərəcovun ölümündən sonra oğlu Əli Fərəcovun adına keçən restoranda yoxlama zamanı S.V.Rasulovun sənədləri təqdim edildiyinə görə akt və protokol onun adına yazılıb. O, bu ilin noyabr ayında məhkəmədən qərarın ləğv edilməsini xahiş edib. Sonuncu həmin qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini və təqsirli olmadığını bildirib. 

Amma məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, restoranın sahibi Əli Fərəcov məhkəməyə getməyib və bunun üçün üzrlü səbəbləri barədə heç bir məlumat verməyib.

Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə keçirilən məhkəmədə ötən ilin mart ayında inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati işin yenidən araşdırılmasına başlanılmasına göstəriş verilib. 
 


Qeyd edək ki, əslən Naxçıvandan olan mərhum Fizuli Fərəcov 2017-ci ildə 14 yaşlı oğlu Ağəli Fərəcovun 99-BS-999 dövlət nömrə nişanlı "Porsche” avtomobililə gənc qızı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. "Texas” restoranına görə mərhum iş adamı el arasında "Texas Fizuli" kimi də tanınırdı.

Əhməd